“Aybəniz əfsanəsi” adlı xatirələr kitabı çapdan çıxıb
Bakı, 27 noyabr, AZƏRTAC
Bu günlərdə “Elm” nəşriyyatında “Aybəniz əfsanəsi” adlı xatirələr kitabı nəşr edilib.
AZƏRTAC xəbər verir ki, kitaba zəngin və mənalı ömür yaşamış Aybəniz Vurğunqızı haqqında xatirələr, məktublar, teleqramlar və ona həsr edilən şeirlər daxil edilib. Kitabda bu zabitəli və nəcib xanımı yaxından tanıyanların ürəkağrısı, eyni zamanda, tükənməz sevgi ilə qələmə aldıqları xatirələr yer alıb.
Kitabın tərtibçisi, vurğunşünas alim Aslan Salmansoy yeni nəşr barədə fikirlərini bölüşərək deyib: “Vurğun ocağına doğma bir ailənin üzvü kimi Aybəniz xanım fədakar əməyi və atasına olan tükənməz sevgisi ilə öz adını Səməd Vurğunun ev-muzeyini yaradanların və yaşadanların ön sırasına əbədi həkk etmişdir: o, uzun illər muzeyin baş mühafizi vəzifəsində çalışmış və işlədiyi müddətdə (sonralar isə direktor kimi) həm şairlə bağlı əşyaları - eksponatları toplayıb hifz etmiş, sistemləşdirmiş, həm də atasının ruhunun “qaraçuxası” - fədakar keşikçisi, qoruyucusu olmuşdur.
Kitabda doğmalarının, dostlarının və həmkarlarının həzin bir kədər, sonsuz sevgi və ruhuna ehtiramla qələmə aldıqları bu xatirələr Aybəniz xanımı, ilk növbədə, fenomenal istedad sahibi və böyük şəxsiyyət Səməd Vurğunun layiqli varisi - bütün varlığı ilə atasına bağlı, həyatını dahi sənətkarın irsini toplayıb nəşr, tədqiq və təbliğinə həsr edən, müqəddəs ocağının işığını sönməyə qoymayan - muzeyini sevilən mədəniyyət və ədəbiyyat məbədinə, ziyarətgaha çevirən, ruhunu yaşadan, eləcə də gözəl ana, istəkli nənə, safürəkli, sədaqətli rəfiqə, qayğıkeş, əliaçıq və xeyirxah, zərif, eyni zamanda, obyektiv, cəsarətli, sözü üzə deyən, dili qılınc kimi kəskin, hazırcavab, incə yumorlu insan... və nəhayət Əməkdar mədəniyyət işçisi, peşəkar muzeyşünas, ədəbiyyatşünas və professor... kimi tanıdır”.