AZƏRBAYCAN ABŞ-LA HƏRBİ SAHƏDƏ ARDICIL VƏ PLANLI ŞƏKİLDƏ ƏMƏKDAŞLIQ EDİR
Nazir bildirmişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Avropanın təhlükəsizlik strukturlarına inteqrasiya, o cümlədən NATO və ABŞ ilə ikitərəfli əməkdaşlıq istiqamətində fəaliyyətə başlamışdır.
Səfər Əbiyev qeyd etmişdir ki, bu günlərdə Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin açılışı olacaqdır. Bu mühüm iqtisadi layihənin həyata keçməsi ABŞ-ın iştirakı olmadan heç cür mümkün olmazdı. BTC və digər iqtisadi layihələrin gerçəkləşməsi Azərbaycan iqtisadiyyatının sürətlə inkişafına səbəb olmuş, bu da xalqımızın maddi rifahını daha da yaxşılaşdıracaqdır.
Müdafiə naziri vurğulamışdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına ATƏT tərəfindən səy göstərilməsinə baxmayaraq, təəssüflər olsun ki, hələ də bir nəticə əldə edilməmişdir. ABŞ dövlətinin də həmsədr olduğunu nəzərə alaraq arzu edərdim ki, bu istiqamətdə fəallıq daha da artırılsın və münaqişə beynəlxalq hüquq normaları əsasında ədalətli şəkildə öz həllini tapsın.
Səfər Əbiyev bildirmişdir ki, Azərbaycan ABŞ-la hərbi sahədə ardıcıl və planlı şəkildə əməkdaşlıq edir. Son zamanlar bu əməkdaşlığın daha da fəallaşdığını qeyd edən nazir vurğulamışdır ki, ABŞ-la hərbi sahədə əməkdaşlıq əsasən NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində davam etdirilir.
General N.Şvarts Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara başlaması münasibətilə Azərbaycan xalqını təbrik etmişdir. O, bu layihənin bütün tərəflərə fayda verəcəyini vurğulayaraq qeyd etmişdir ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri ABŞ Silahlı Qüvvələrinin ən qabaqcıl və seçmə bölmələri ilə əməkdaşlıq edir.
Qonaq hərbi əməkdaşlığın daha da gücləndirilməsi üçün şərait yaratdığına və Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Əfqanıstanda və İraqda beynəlxalq antiterror koalisiyasında iştirakına görə Azərbaycan dövlətinin rəhbərliyinə minnətdarlıq etmişdir.
General-polkovnik Səfər Əbiyev Cənubi Qafqaz regionunda mövcud hərbi-siyasi vəziyyət barədə qonağa məlumat verdikdən sonra tərəflər Azərbaycan-ABŞ hərbi əməkdaşlığının perspektivləri ətrafında fikir mübadiləsi aparmışlar.
Görüşdə ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili Ceyson Haylənd iştirak etmişdir.