Azərbaycan avarçəkəni dünya çempionatında gümüş medal qazanıb
Bakı, 9 oktyabr, AZƏRTAC
Azərbaycan milli komandasının üzvü Diana Dımçenko İtaliyanın Barletta şəhərində keçirilən sahil avarçəkməsi üzrə dünya çempionatında uğurlu nəticə göstərib.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, idmançı təsnifat mərhələsində finişə hamıdan birinci çatıb. O, 4000 metr məsafəni 20:11.72 dəqiqəyə qət edib.
A. Dımçenko təsnifat mərhələsində ikinci olan Finlandiya təmsilçisi Eva Karppineni 10 saniyə qabaqlayıb. (20:21.43). Bu nəticə ilə o, A finalına vəsiqə qazanıb.
Final yürüşündə idmançılar 6000 metr məsafəyə yarışıblar. Diana Dımçenko bu məsafəni 32:20.94 dəqiqəyə başa vurub. İdmançı fransalı Cessika Berranı (32:33.92) 13 saniyə fərqlə geridə qoyaraq dünya çempionatının gümüş medalına sahib olub. O, yalnız irlandiyalı Monika Dukarskadan (32:09.17) geri qalıb.
Diana Dımçenko 2022-ci ildə Uelsdə təşkil olunan sahil avarçəkməsi üzrə dünya çempionatında da 2-ci yer tutub.