Azərbaycan Boks Federasiyasının prezidenti hakimlərlə görüşüb
Bakı, 22 aprel, AZƏRTAC
Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Sahil Babayev hakimlərlə görüşüb.
Federasiyadan AZƏRTAC-a bildiriblər ki, görüşdə referilərin hazırkı durumu, ölkəmizdə gənc hakimlərin yetişdirilməsi və bir sıra vacib məsələlər edilib. Sahil Babayev əsas hədəfin üç ulduza sahib hakimlərimizin sayının artırılması və yeni beynəlxalq dərəcəli referilərin yetişməsi olduğunu bildirib. Vurğulanıb ki, bu idman növünün inkişafı və ölkədə daha kütləviləşməsi işinə boksçular və məşqçilərlə yanaşı, hakimlər də dəstək verməlidirlər. Bununla bağlı onların işləri təkmilləşdirilməli, qərarları obyektiv və ədalətli olmalıdır.
Federasiya rəhbəri ABF-nin yeni strukturunda hakimlər komitəsinin formalaşdırılması üçün tapşırıqlarını da verib. O qeyd edib ki, ədalət təmsilçilərinin təcrübəsinin artırılması üçün seminarlar təşkil olunacaq, onların beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil etməsi məqsədilə lazımi işlər görüləcək.
Hakimlər təcrübələrinin artırılması, gənc nəslin yetişdirilməsi, bölgələrdə referiliyin inkişaf yolları, xanımların bu sahəyə cəlb olunması, həmçinin seminarların keçirilməsi üçün fikir mübadiləsi aparıblar.