AZƏRBAYCAN CƏNUBİ QAFQAZDA ƏSAS APARICI DÖVLƏTDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, konfransda qafqazşünas tarixçi alimlər və tədqiqatçılar üç Cənubi Qafqaz ölkəsinin müstəqillik yolundan danışmış, mövcud hadisə və problemlərlə bağlı fikir mübadiləsi aparmışlar. Danışıqlarda Azərbaycanın bu bölgədə əsas aparıcı dövlət olduğu dəfələrlə xüsusi vurğulanmış, dünya siyasətində əldə etdiyi uğurlardan, beynəlxalq imicinin getdikcə yüksəlməsindən danışılmışdır.
Xalqımıza yaxşı tanış olan ABŞ-ın Kolumbiya Universitetinin professoru Tadeuş Svyatoxovski konfransda “Azərbaycan Respublikasının irsi.1918-1920-ci illər” mövzusunda məruzə etmişdir. Mənşəcə polyak olan amerikalı alim XX əsrin ilk iyirmi ilində Azərbaycanda baş vermiş ictimai-siyasi hadisələrə toxunmuş, neft sənayesinin inkişafı sayəsində ölkəmizin Cənubi Qafqaz bölgəsində nüfuzunun getdikcə artdığını, Bakı şəhərinin Qafqazda yalnız mədəniyyət mərkəzinin deyil, həm də siyasi hadisələrin mərkəzində durduğunu qeyd etmiş, məhz həmin əsrin əvvəllərində azərbaycanlıların ermənilər tərəfindən ilk dəfə soyqırıma məruz qaldıqlarını açıqlamış, 1918-ci ilə qədər baş vermiş digər tarixi hadisələr barədə qısa məlumat vermişdir. 1918-1920-ci illərdəki hadisələrdən danışmış amerikalı alim Şərqdə ilk demokratik dövlətin Azərbaycanda yarandığını diqqətə çəkmiş, ayrı-ayrı vaxtlarda xaricdən ölkəmizə edilmiş müdaxilələrdən söhbət açmışdır.
T.Svyatoxovskinin məruzəsi maraqla qarşılanmış və geniş müzakirələrə səbəb olmuşdur.
Konfransda Qafqazdakı sərhədlər və münaqişələr barədə debatlar aparılmış və sonda xalqımızın dini adətlərini və əsrin əvvəllərində neft sənayesinin inkişafını əks etdirən sənədli filmlər nümayiş etdirilmişdir.