AZƏRBAYCAN DİABET LİQASI “LANTUS” YAY DÜŞƏRGƏSİ LAYİHƏSİNİN TƏQDİMATINI KEÇİRMİŞDİR
Tədbirdə ADL-in sədri Yeganə Sultanova Beynəlxalq Diabet Federasiyasının və Dünya Səhiyyə Təşkilatının qərarına əsasən, 1991-ci ildən başlayaraq, noyabrın 14-nün Dünya Diabet Günü kimi qeyd edildiyini bildirmişdir. Qeyd edilmişdir ki, həmin gün 1921-ci ilin oktyabrında Çarlz Bestlə birgə insulini kəşf etmiş Fredrik Bantiqin ad günüdür. Dünyada 194 milyon şəkərli diabet xəstəsi olduğu və hər on ildə bu sayın iki dəfə aptdığı vurğulanmışdır. Natiq Azərbaycanda 2005-ci ilədək 60 minə yaxın şəkərli diabet xəstəsinin rəsmi qeydiyyata alındığını və bu il iyunun 7-də “Şəkərli diabet üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında qərarın Nazirlər Kabineti tərəfindən imzalandığını söyləmişdir.
Rəhbərlik etdiyi təşkilat haqqında qısa məlumatdan sonra, Y.Sultanova ADL-in 2002-ci ildən başlayaraq, Gənclər, İdman və Turizm Nazirliyinin, Gəncliyə Yardım Fondunun, bir sıra şirkətlərin və humanitar qurumların maddi-mənəvi dəstəyi ilə hər il şəkərli diabet xəstəliyi olan uşaq və yeniyetmələr üçün “Şirin həyat” adlı yay düşərgəsi layihəsini həyata keçirdiyini bildirmişdir. ADL-in bu il ilk dəfə Lənkəranda “Lantus” yay düşərgəsi layihəsini gerçəkləşdirdiyini qeyd edən sədr demişdir ki, hazırda lantus diabet xəstəliyinə tutulmuş adamlar üçün ən yeni, yüksək keyfiyyətli preparatdır və yay düşərgəsində bu dərmandan istifadə yaxşı nəticə vermişdir. Həm də orada uşaqlar öz xəstəliyi haqqında yeni məlumatlar almış, özünənəzarət qaydalarını öyrənmiş, təlim dərsləri keçmiş və bütün bunlar onların səhhətinə də müsbət təsir göstərmişdir.
Tədbirdə Lənkərandakı yay düşərgəsində uşaqların istirahətinə həsr edilmiş film göstərilmiş, lantus preparatını xaricdən alaraq, təmənnasız olaraq ADL-ə vermiş “Sanofi Aventis” şirkətinin ölkəmizdəki təmsilçisi Elmira Quliyevaya, Gəncliyə Yardım Fondunun rəhbərliyinə və digərlərinə təşəkkürnamələr təqdim olunmuşdur.
Sonda kütləvi informasiya vasitələri nümayəndələrinin sualları cavablandırılmışdır.