SİYASƏT
Azərbaycan diaspor təşkilatları Niderland Krallığının qərəzli mövqeyi ilə bağlı birgə bəyanat yayıblar
Bakı, 20 sentyabr, AZƏRTAC
Azərbaycan diaspor təşkilatları Niderland Krallığının ölkəmizə qarşı qərəzli mövqeyi ilə bağlı etirazlarını bildiriblər. Buna səbəb həmin ölkənin ictimaiyyətə təqdim etdiyi proqramın artmaqda olan münaqişələri əhatə edən “Beynəlxalq təhlükəsizlik” bölməsində Azərbaycan ərazilərinin azad edilməsinin “Dağlıq Qarabağın ələ keçirilməsi” kimi qeyd olunmasıdır.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi, Niderland-Azərbaycan Türk Kültür Dərnəyi, Benelüks Azərbaycanlıları Konqresi, Beynəlxalq Azərbaycanlı Xanımlar Klubu, Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyəti Niderland Hökumətinin qərəzli mövqeyi barədə birgə bəyanat yayıblar.
Bəyanatda Azərbaycanın öz torpaqlarını azad etməsinin “Dağlıq Qarabağın ələ keçirilməsi” kimi göstərilməsinin qəbuledilməz olduğu və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün atdığı addımları tamamilə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həyata keçirdiyi vurğulanıb. Bəyanatda, həmçinin Qarabağ bölgəsinin “Dağlıq Qarabağ” kimi adlandırılması qətiyyətlə rədd edilib. Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati və ya coğrafi vahidin olmadığı, habelə hər bir dövlət və təşkilatın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində Azərbaycan Respublikasının müvafiq orqanları tərəfindən standartlaşdırılmış və BMT-nin Coğrafi Adlar üzrə Ekspertlər Qrupu çərçivəsində qəbul edilmiş coğrafi adlara istinadının vacibliyi diqqətə çatdırılıb.
Bəyanatın sonunda diaspor təşkilatları Niderland hökumətini obyektiv və balanslı yanaşmaya və Azərbaycanla münasibətlərə mənfi təsir edə biləcək bəyanatlardan çəkinməyə çağırıb.