Azərbaycan Diasporuna Dəstək Fondu Türkiyənin Hatay bölgəsinə 3 min məktəbli dəsti göndərib
Bakı, 1 sentyabr, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondu qardaş Türkiyənin Hatay bölgəsində zəlzələdən zərərçəkənlərə yardım kampaniyası təşkil edib.
Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, “Biz birlikdə güclüyük” devizi altında yeni tədris ilinin başlanması münasibətilə təşkil edilən humanitar yardım kampaniyası Hatay Azərbaycan Evinin müraciəti əsasında baş tutub. Bu addım Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması, zəlzələdən zərərçəkənlərin, o cümlədən həmin bölgədə yaşayan azərbaycanlıların həyatlarının yüngülləşdirilməsi, ehtiyaclarının ödənilməsi məqsədilə dövlətimizin həyata keçirdiyi uzunmüddətli kampaniyanın tərkib hissəsi olub.
Azərbaycandan qardaş ölkəyə yola salınmış humanitar yardıma 3 min məktəbli dəsti daxil edilib.
Hatay bölgəsinin Arsuz rayon məktəbində yardımın təqdim olunma mərasimində Arsuz rayonunun icra hakimiyyətinin başçısı Hasan Gökpinar, Arsuz bələdiyyəsinin sədri Dr.Asaf Güven və Arsuz Milli Təhsil müdiri Əhməd Yanmaz, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, ADDF-in icraçı direktoru Əkrəm Abdullayev, Ədalət və İnkişaf Partiyasının (AKP) İdarə Heyətinin üzvü, Türkiyə Böyük Millət Məclisinin (TBMM) 24, 25 və 26-cı çağırışlarında Hatay üzrə deputat olmuş Bayram Türkoğlu, TBMM-də AKP-in Hatay üzrə deputatları Abdulkadir Özel və Kemal Karahan, Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömür və digərləri iştirak ediblər.
Mərasimdə qardaş Azərbaycan dövlətinin bu təşəbbüsünü yüksək qiymətləndirən icra hakimiyyətinin başçısı Hasan Gökpinar humanitar yardıma görə ölkəmizə təşəkkürünü bildirib, Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının əbədi olduğunu deyib.
Azərbaycan dövlətinin Hatayda yaşayan uşaqları sovqatla sevindirməkdən böyük məmnunluq və xoşbəxtlik duyduğunu vurğulayan Komitə sədrinin birinci müavini deyib: “Bu uşaqlar təkcə Türkiyənin deyil, Azərbaycanın da uşaqları və gələcəyidir”.
Tədbirdə çıxış edən yerli ictimaiyyətin nümayəndələri və qonaqlar bir millət, iki dövlət olan Azərbaycanla Türkiyənin hər zaman bir-birinin yanında yer aldığını məmnuniyyətlə vurğulayıblar. Qeyd edilib ki, mənəvi dəyəri maddi dəyərindən qat-qat yüksək olan hədiyyələrin təqdim edilməsi həm iki dövlətin vətəndaşlarının bir arada olmasının, həm də zəlzələdən zərər çəkmiş insanların sevincini və kədərini bölüşməsinin sübutudur.
Sonra birinci sinfə gedəcək şagirdlərə məktəbli dəstləri təqdim olunub.
Xatırladaq ki, ADDF cari ilin aprel ayında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası ilə birlikdə Kahramanmaraşda zəlzələdən zərər çəkmiş 2600-dən çox ailəyə ərzaq yardımı çatdırıb. Yardımı alanların arasında Kahramanmaraşda yaşayan soydaşlarımız da olub.