Azərbaycan Dillər Universitetində gənc rəssamın fərdi sərgisi açılmışdır
Bakı, 4 noyabr (AZƏRTAC). Noyabrın 4-də Azərbaycan Dillər Universitetində (ADU) “Tələbədən tələbəyə” layihəsi çərçivəsində bu ali məktəbin regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin birinci kurs tələbəsi, beynəlxalq müsabiqələrin qalibi Ayan Kərimovanın fərdi rəsm sərgisi açılmışdır.
ADU-dan AZƏRTAC-a bildirmişlər ki, sərgidə gənc rəssamın Azərbaycan Milli Konservatoriyasının nəzdindəki İncəsənət Gimnaziyasının fondunda saxlanılan 63 işi nümayiş etdirilmişdir.
Universitetin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov tələbə-rəssamın əsərləri ilə tanış olmuş, ona yaradıcılıq uğurları arzulamışdır.
ADU-nun tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev bu yaxınlarda layihənin birinci mərhələsində A.Kərimovanın qazandığı uğurlardan bəhs edən təqdimatın keçirildiyini diqqətə çatdırmışdır. Tələbələr arasında çoxlu istedadlı gənclərin olduğunu qeyd edən prorektor universitet rəhbərliyinin onların bacarıqlarının üzə çıxarılmasında verdiyi dəstəyi yüksək qiymətləndirmişdir.
A.Kərimova bir sıra yerli və beynəlxalq müsabiqələrin qalibidir. İran, Yaponiya, Türkmənistan, Türkiyə, Misir, Polşa, İordaniya, Norveç və Ukraynada keçirilmiş müsabiqələrdə mükafata layiq yerlər tutmuşdur. Gənc rəssamın çəkdiyi rəsmlərdən biri ABŞ-da “EXXON” neft şirkətində saxlanılır.
Sərgi noyabrın 5-də başa çatacaqdır.