Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Açıq qapı” günü
Bakı, 19 yanvar (AZƏRTAC). Yanvarın 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (ADGTT) 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş “Açıq qapı” günü keçirilmişdir.
ADGTT-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə teatrın kollektivi qanlı Yanvar faciəsində həlak olan soydaşlarımızın əziz xatirəsini anmaq üçün Şəhidlər xiyabanını ziyarət etmişdir.
Daha sonra teatrın ədəbi dram hissə müdiri Rafiq Rəhimli “Açıq qapı” günündə iştirak edən tamaşaçıları salamlayaraq 20 Yanvar faciəsini xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi kimi qiymətləndirmişdir. Bildirmişdir ki, 20 Yanvar hadisələri hər şeydən əvvəl Azərbaycan xalqının milli oyanışından, azadlıq və müstəqillik mücadiləsindən xəbər verən tarixi gerçəklik idi.
Mərasimdə Şəhid Anaları Komitəsinin sədri, pedaqoji elmlər namizədi, Milli Qəhrəman Gültəkin Əsgərovanın anası Rəfiqə Əsgərova çıxış edərək yaddaşlarda silinməz izlər qoyan 1990-cı ilin 20 yanvar günü haqqında fikirlərini söyləmişdir. R.Əsgərova ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin uğurlu nəticə verəcəyini və tezliklə torpaqlarımızın işğaldan azad olunacağına əminliyini vurğulamışdır.
Sonda yazıçı-dramaturq Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” tamaşası nümayiş etdirilmişdir. Azərbaycan xalqının tarixində çağdaş milli azadlıq hərəkatının şanlı qəhrəmanlıq səhifəsi olan 20 Yanvar şəhidlərinə həsr olunmuş tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır.
“Açıq qapı”da 20 Yanvar faciəsinin şahidləri, Qarabağ müharibəsi iştirakçılarının ailələri, əlil cəmiyyətlərinin üzvləri, müharibə veteranları və ümumtəhsil məktəblərinin şagirdləri iştirak etmişlər.