Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərir
Tbilisi, 31 avqust, AZƏRTAC
Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərir. Əsası Ulu Öndərimiz tərəfindən qoyulmuş bu siyasət Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev ADA Universitetinin Qazax Müəllimlər Seminariyasında təhsil alacaq tələbələrlə görüşdə söyləyib.
Bildirib ki, dövlətimiz tərəfindən hər il Gürcüstandakı azərbaycandilli məktəblərə minlərlə dərs vəsaiti və müxtəlif kitablar çatdırılır. Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun dəstəyi ilə Gürcüstanda məktəblər, idman kompleksləri, mədəniyyət ocaqları tikilir və əsaslı təmir olunur.
Diplomat deyib ki, ADA Universitetinin rəhbəri, professor Hafiz Paşayevin təşəbbüsü ilə Gürcüstandakı soydaşlarımızın daha yaxşı ali təhsil almalarına yardım məqsədilə yeni layihə hazırlanıb: “Bu layihə əsasında Gürcüstanda soydaşlarımız arasında keçirilmiş müsabiqə nəticəsində 25 nəfər ADA Universitetinin Qazax Müəllimlər Seminariyasında ikinci ali təhsil alacaq. Düşünürük ki, bu, soydaşlarımıza yüksək dövlət vəzifələrində çalışmalarına imkan yaradacaq”.
Səfir ADA Universitetinin imkanları, dünyanın ali təhsil ocaqları sırasındakı yüksək yeri, bu universiteti, eləcə də Qazax Müəllimlər Seminariyasını bitirən məzunlar üçün yaradılan geniş iş imkanları barədə ətraflı məlumat verib.
Qazax Müəllimlər Seminariyasında təhsil alacaq tələbələr göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan dövlətinə, eləcə də professor Hafiz Paşayevə təşəkkür ediblər.
Sonda xatirə şəkli çəkdirilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi