Azərbaycan əməkdaşlıqda maraqlı olan bütün dövlətlər üçün etibarlı tərəfdaşdır
Kiyev, 15 noyabr, AZƏRTAC
Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin müəllifi olduğu “Çin-Azərbaycan-Gürcüstan-Ukrayna: “Bir kəmər-Bir yol” layihəsi çərçivəsində əməkdaşlığın perspektivləri” sərlövhəli məqaləsi ABŞ-ın Harvard Universitetinin rəsmi saytında yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, ingilis və rus dillərində yayılan məqalədə Cənub Qaz Dəhlizinin və Avropa-Qafqaz-Asiya və Çin-İran-Avropa nəqliyyat marşrutlarının həyata keçirilməsinin xüsusi əhəmiyyət daşıdığı qeyd edilir. Bildirilir ki, bu marşrutlar müxtəlif tranzit axınlarını Azərbaycanın ərazisində vahid sistemə birləşdirməyə imkan verir. Hələ 1994-cü ildə BMT Baş Assambleyasının 49-cu sessiyasında ümummilli lider Heydər Əliyev bu layihənin yaradılmasının vacibliyini vurğulayıb.
Müəllif qeyd edir ki, “Bir kəmər-Bir yol” layihəsində iştirak edən bütün ölkələri özündə birləşdirən prosesdə Azərbaycan özü mühüm və həlledici geosiyasi, siyasi, mədəni və nəqliyyat məkanına çevrilir. Çünki müxtəlif tranzit marşrutlarını birləşdirərək və geosiyasi bir mərkəz rolunu oynayaraq ölkəmiz bu marşrutları müxtəlif istiqamətlərdə genişləndirə bilir. Bu baxımdan Azərbaycan “Bir kəmər-Bir yol” layihəsi çərçivəsində Şərqi Avropa ölkələri üçün ən cəlbedici ölkədir. Ekspertlər Azərbaycanın əməkdaşlıqda maraqlı olan bütün dövlətlər üçün təhlükəsiz, sabit və etibarlı tərəfdaş olduğunu qeyd edirlər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev