AZƏRBAYCAN FUTZALÇILARI ERMƏNİSTAN YIĞMA KOMANDASI ÜZƏRİNDƏ BÖYÜK HESABLA QƏLƏBƏ QAZANMIŞDIR
Xəbər verdiyimiz kimi, fevralın 28-də futzal üzrə 2008-ci il dünya çempionatının qrup seçmə mərhələsində Azərbaycan yığma komandası Çexiyanın Xrudim şəhərində Ermənistan yığma komandası ilə qarşılaşmışdır.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, millilərimizin oyununu seyr etmək üçün Xrudim şəhərinə “Azərbaycanlı tələbələrin Praqa forumu”nun iştirakçıları, Çexiya və ətraf ölkələrdə yaşayan 200-dən artıq həmyerlimiz gəlmişdi.
Oyun başlayan kimi yüksək hazırlıq səviyyəsi nümayiş etdirən futzalçılarımız 2-ci dəqiqədə hesabı açmışlar. 6-cı dəqiqədə erməni futzalçıları hesabı bərabərləşdirməyə nail olmuşlar. Bundan sonra üstünlüyü tamamilə ələ alan millilərimiz ilk hissənin sona çatmasına bir neçə dəqiqə qalmış hesab arasındakı fərqi artıra bilmişlər.
Azərbaycan bayrağına qərq olmuş zalda azarkeşlərin çılğın dəstəyi və alqışları ilə futzalçılarımız ikinci hissədə çox məzmunlu oyun nümayiş etdirmişlər. Millilərimiz Ermənistan yığmasını darmadağın edərək 9:1 hesabı ilə möhtəşəm qələbə qazanmışlar.
Millilərimizin qrup mərhələsində növbəti rəqibləri Finlandiya (29 fevral) və Çexiya (1 mart) yığma komandaları olacaqdır.