MƏDƏNİYYƏT
Azərbaycan Gənclər Fondu “Mobil kitab rəfi” layihəsinə başlamışdır
![Azərbaycan Gənclər Fondu “Mobil kitab rəfi” layihəsinə başlamışdır](/files/2013/3/1200x630/14071451124003515187_1200x630.jpg)
Bakı, 6 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu daha bir maarifləndirici layihəyə başlamışdır.
Fondun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Mobil kitab rəfi” layihəsinin iştirakçıları mobil telefonlarla Azərbaycan və dünya ədəbiyyatından seçmə nümunələri yükləmək və oxumaq imkanı əldə edəcəklər. Azərbaycan və dünya ədəbiyyatından bir sıra kitabların elektron versiyalarının yükləndiyi portala yeni kitablar da əlavə olunacaqdır.
Gənclərin ən çox istifadə etdiyi ictimai nəqliyyat vasitələrindən olan metro qatarlarında artıq layihənin posterləri yerləşdirilmişdir. Posterlərdə göstərilən bar kod vasitəsilə gənclər mobil telefonla birbaşa keçidə daxil olub istədiyi kitabı yükləyə biləcəkdir.
Qeyd edək ki, Fond gənclərin kitab oxumağa maraqlarının artırılması üçün bir neçə ay bundan əvvəl “Açıq kitab rəfi” layihəsini həyata keçirmişdi.