Azərbaycan gəncləri Yunanıstanda “Start it UP, Keep it UP” layihəsində iştirak ediblər
Bakı, 13 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının koordinatorluğu və beş ölkədən olan təşkilatların tərəfdaşlığı ilə Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Erasmus+ proqramının qrant müsabiqəsinin qalibi “Start it UP, Keep it UP” layihəsi çərçivəsində Yunanıstanın Saloniki şəhərində təlim proqramı fəaliyyətə başlayıb.
GTMŞ-dan AZƏRTAC-a bildiriblər ki, təlim prosesində altı ölkədən 24 gənc “Dayanıqlı sosial biznes modelinin dizayn edilməsi”, “Komandanın formalaşdırılması”, “İdeyanın monetizasiya edilməsi” mövzularında təlimlərdə iştirak edib.
İştirakçılar hər ölkədən müxtəlif sosial sahibkarlıq təcrübələrini paylaşıb, sosial sahibkarlıq ekosisteminin formalaşması, təkmilləşməsi və inkişafı haqqında müzakirələr aparıblar.
Fevralın 15-dək davam edəcək təlim müddətində iştirakçılar sosial biznes ideyasının formalaşması, monetizasiyası, təkmilləşdirilməsi və digər mövzularda müxtəlif təlimlərə qatılacaqlar.
Ötən ilin fevralından etibarən davam edən “Start it UP, Keep it UP” layihəsi çərçivəsində 6 ölkədən 24 iştirakçı daha əvvəl Xorvatiyada və Şimali Makedoniyada da təlim kurslarında iştirak ediblər.
Layihənin növbəti - sonuncu mərhələsində Bakıda Beynəlxalq Sosial Sahibkarlıq Forumu təşkil olunacaq.