Azərbaycan həm diplomatik cəbhədə, həm də şərti sərhəddə Ermənistanın layiqli cavabını verir – ŞƏRH
Bakı, 2 sentyabr, AZƏRTAC
Sentyabrın 1-də Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatlar növbəti dəfə bu ölkənin hansı niyyətə qulluq etdiyini bütün dünyaya bəyan etdi. Sözdə Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirən Ermənistan növbəti dəfə təxribatlara əl atdı və ağır silahlardan, pilotsuz uçuş, dron, kamikadze aparatlarından, minaatanlardan istifadə edərək öz ərazisindən Azərbaycanı atəşə tutdu. Nəticədə Azərbaycanın üç hərbi qulluqçusu xəsarət aldı. Cavab tədbirləri kimi Azərbaycan Ordusu Ermənistana qarşı cəza üsullarından istifadə etdi ki, onlar təxribatlarını dayandırsın.
Bunu AZƏRTAC-a hərbi jurnalist, ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.
“Görünən odur ki, Ermənistan və ona havadarlıq edən ölkələr sentyabrın heç də sakit keçməyəcəyi qənaətindədirlər. Onların müxtəlif ərazilərdə törətdikləri təxribatların qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınır. Belə ki, Ermənistan sülh müqaviləsini imzalamamaq üçün müxtəlif yollara əl atır, bəhanələr gətirir, təxribatlar həyata keçirir. Bu azmış kimi ağırtonnajlı avtomobil karvanlarının şousunu nümayiş etdirir, guya hansısa “humanitar fəlakət”in olması ilə bağlı yalan məlumat tirajlayır.
Azərbaycanın Qızıl Aypara Cəmiyyətinin 40 tona yaxın un məmulatının beş günə yaxındır Ağdam-Xankəndi yolunda qalması onu göstərir ki, heç bir aclıqdan söhbət gedə bilməz. Dünya da bunu bilir. Sadəcə bu, Azərbaycana şər-böhtan yaxmaq üçün Ermənistanın növbəti hiyləsi, ona havadarlıq edən bəzi dövlətlərin riyakar niyyətləridir. Ona görə də baş verənlər cavabsız qalmır. Azərbaycan həm diplomatik cəbhədə, həm də şərti sərhəddə Ermənistana layiq olduğu cavabı verir”, - deyə ehtiyatda olan polkovnik vurğulayıb.
Ekspert Ermənistanın hazırkı rəhbərliyi başda Nikol Paşinyan olmaqla, onun siyasətbazlarının, generallarının vəziyyətinin ciddi olduğunu dərindən anlayacaqlarına ümid etdiyini dilə gətirib: “Elə dünən öz təxribatlarının nəticəsi olaraq üç hərbi qulluqçusunu itirən Ermənistan görünür ki, bu minvalla nəyəsə nail olacağına ümid bəsləyir. Lakin bunların hamısı əbəsdir. Azərbaycan dəfələrlə müxtəlif platformalarda Ermənistan rəhbərlərinin diqqətinə çatdırıb ki, əgər onlar regionda sülhün və əmin-amanlığın bərqərar olmasını istəyirlərsə, yaxın gələcəkdə ölkəmizlə sülh müqaviləsini imzalamalıdır. Sərhədlər müəyyənləşdirilməli, delimitasiya, demarkasiya işləri praktiki şəkildə yerlərdə görülməlidir. Boş-boş bəyanatlarla çıxış etmək yerinə, Azərbaycan-Ermənistan sərhədində bu işlər icra olunmalıdır. Düşünürəm ki, sentyabrda erməni təxribatları hələ davam edəcək. Çünki bu ay onların 2020-ci ildəki Vətən müharibəsində aldığı sarsıdıcı zərbənin növbəti ildönümüdür. Ermənilər çalışacaqlar ki, onlar üçün qara tarixi olan ayda revanş alsınlar. Amma bunların nə bir perspektivi yoxdur, nə də ki, Ermənistana hər hansı nəticə və ya fayda gətirməyəcək”.