Azərbaycan həqiqətlərinin xarici mətbuatda işıqlandırılmasına dair hesabatlar təqdim olunub
Bakı, 18 noyabr, Kifayət Əliyeva, AZƏRTAC
Noyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və ADA Universitetinin birgə təşkilatçılığı ilə bu ali məktəbdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Almaniya və Böyük Britaniya mediasında işıqlandırılmasına dair hesabatların təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə tədbirdə çıxış edərək Azərbaycan reallıqlarının, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb, bununla bağlı görülən işlərdən danışıb. O, ADA Universitetinin bu məsələni daim diqqət mərkəzində saxladığını bildirib. F.İsmayılzadə xarici ekspertlərlə əməkdaşlığın, QHT-lərə Dövlət Dəstəyi Şurasının bu istiqamətdə həyata keçirdiyi layihələrin əhəmiyyətini qeyd edib.
QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərindən və problemin həlli istiqamətində Azərbaycan rəhbərliyinin səylərindən, ölkəmizlə bağlı həqiqətlərin xarici kütləvi informasiya vasitələrində işıqlandırılmasından danışıb.
A.Quliyev qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün pozulması, Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinin 20 ildən çox davam etməsi bizi ən çox narahat edən məsələdir və bu problemləri Avropaya, eləcə də bütün dünyaya çatdırmaq əsas vəzifələrimizdəndir. Baxmayaraq ki, dövlətimiz məlumatların çatdırılması istiqamətində çox işlər görüb, bununla bağlı mühüm sənədlər qəbul olunub, lakin hələ də görüləcək çox iş var. Ona görə də Avropanın və dünyanın iki aparıcı ölkəsində - Böyük Britaniyada və Almaniyada monitorinq keçirmək qərarına gəldik. Məqsəd həmin ölkələrin aparıcı KİV-lərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin işıqlandırılması vəziyyətinin öyrənilməsi idi. Bildirilib ki, araşdırılmalar nəticəsində hər iki ölkənin mediasında bu münaqişə ilə bağlı əvvəllər dərc olunmuş məlumatların qərəzli və həqiqətdən uzaq olduğu sübutlarla geniş ictimaiyyətə təqdim edilir.
Berlində fəaliyyət göstərən Humboldt Universitetinin AvroQafqAsiya təşkilatının nümayəndəsi xanım Yeva Mariya Aux
“Alman ictimaiyyətinin və mətbuatının Dağlıq Qarabağ münaqişəsinə münasibətdə obyektivlik dərəcəsi” mövzusunda aparılan araşdırmanın nəticələrini təqdim edib. O, Almaniyada dərc olunan “Frankfurter Allgemeine”, “Neues deutschland” qəzetlərində, “Der Spiegel” və “Die Zeit” jurnallarında 20 il ərzində Dağlıq Qarabağ mövzusunda bütün materialların toplanıb təhlil edildiyini bildirib. 1992-ci ildə münaqişə ilə bağlı daha çox materialın dərc olunduğu aşkarlanıb. Ümumilikdə “Der Spiegel” jurnalı 48, “Die Zeit” jurnalı 41, “Frankfurter Allgemeine” qəzeti 1.156, “Neues deutschland” qəzeti 616 yazı dərc edib.
Almaniyada əhalinin 46 faizinin xəbərləri qəzet və jurnallardan əldə etdiyini, bəzi alman jurnalistlərin məlumatsızlığın aradan qaldırılması üçün azərbaycanlı həmkarları ilə əməkdaşlığa hazır olduqlarını söyləyən Eva-Maria Aux bu layihənin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Böyük Britaniyanın Birmingem Universitetinin Rusiya və Şərqi Avropa Araşdırmalar Mərkəzinin elmi işçiləri Qalina Yemelyanova və Kəmalə İmranlı-Löv “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Britaniya mediasının prizmasından” mövzusunda tədqiqat işini təqdim ediblər.
Bildirilib ki, Böyük Britaniyada nəşr olunan dörd qəzetdə, eləcə də BBC telekanalında 1988-1994-cü illərdə təqdim olunmuş dörd mindən artıq reportaj və məqalə araşdırılıb. Yazıların böyük əksəriyyətində təhriflərə yol verildiyi, ilkin mənbə kimi ermənilərin fikirlərinin əsas götürüldüyü məlum olub.
Sonda araşdırmaların nəticələri ilə bağlı müzakirələr aparılıb, Böyük Britaniya və Almaniya mətbuatında Azərbaycan həqiqətlərinin işıqlandırılmasına dair qərəzli mövqeyə münasibət bildirilib.