Azərbaycan İdman Jurnalistləri Federasiyasının idarə heyətinin növbəti iclası keçirilib
Bakı, 25 aprel, AZƏRTAC
Aprelin 24-də Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) idarə heyətinin növbəti iclası keçirilib.
AZƏRTAC federasiyaya istinadla xəbər verir ki, videokonfrans formatında təşkil edilən iclasa sədrlik edən AİJF prezidenti Qabil Mehdiyev əvvəlcə gündəlikdəki məsələlər barədə məlumat verib.
Gündəliyə əsasən, ilk olaraq, federasiyanın tədbirlər planında nəzərdə tutulan bir sıra tədbirlərin qeyri-müəyyən müddətədək təxirə salınması məsələsinə baxılıb. Müzakirələrdən sonra, koronavirus pandemiyası səbəbindən dünyada və ölkəmizdə kütləvi tədbirlərin, o cümlədən idman yarışlarının təxirə salınması, eləcə də Azərbaycanda karantin rejiminin uzadılması əsas gətirilərək, federasiyanın kütləvi tədbirlərinin karantin rejimi başa çatanadək təxirə salınması qərara alınıb.
İclasda daha bir məsələ, tanınmış idman jurnalisti, bu il anadan olmasının 100 illiyi tamam olan Mirpaşa Miriyev haqqında kitabın nəşri ilə bağlı qərarın qəbul edilməsi olub. Kitab Azərbaycanda idman jurnalistikasının inkişafında müstəsna xidmətləri olan M.Miriyevin həyatı, eləcə də yarım əsrdən çox bir dövrü əhatə edən zəngin yaradıcılıq yolundan bəhs edəcək.
Karantin dövründə idman jurnalistlərinin asudə vaxtlarının səmərəli təşkili məqsədilə onlayn yarışların keçirilməsi müzakirə edilib.
İclasda, həmçinin mövcud reallıq nəzərə alınaraq, AİJF üzvü olan idman jurnalistləri üçün beynəlxalq ekspertlər tərəfindən onlayn treninqin təşkili müzakirə edilib və bununla bağlı müvafiq qərar qəbul olunub.
İdarə heyəti ötən iclasdan sonrakı dövrdə üzvlük üçün edilmiş müraciətlərə də baxıb. Yeni üzvlər qəbul ediliblər və onlara bu barədə fərdi şəkildə məlumat veriləcək. Qərara alınıb ki, növbəti dəfə üzvlərin qəbulu məsələsinə cari ilin sentyabr ayında baxılsın.