Azərbaycan ilə Mərakeş arasında gənclər sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib
Bakı, 2 mart, AZƏRTAC
Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Mərakeş Krallığında səfərdə olub.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Mərakeşin gənclər və idman naziri Rachid Talbi Alami, nazirliyin idman, eləcə də qadın, uşaq və gənclərlə iş üzrə direktorluqlarının rəhbərləri ilə görüşlər keçirilib.
Görüşlərdə İntiqam Babayev Azərbaycanın inkişafı, ölkəmizdə gənclərlə iş və idman sahələrində əldə olunan nailiyyətlər haqqında ətraflı məlumat verib. Eyni zamanda, iki ölkə arasında həmin sahələrdə əməkdaşlığın perspektivləri və növbəti illər üçün müvafiq protokolun və tədbirlər planının hazırlanması məsələləri müzakirə edilib. Hər iki ölkənin gəncləri arasında mübadilənin genişləndirilməsi və iştirakı ilə yeni layihələrin hazırlanmasının zəruriliyi vurğulanıb.
Sonra nümayəndə heyəti Kadrların Hazırlanması üzrə Kraliyyət İnstitutuna səfər edib, institutun fəaliyyəti ilə maraqlanıb.
Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycanın Mərakeşdəki səfirliyinə gələrək, Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar açılan fotosərgi ilə tanış olub, səfir Oqtay Qurbanov ilə fikir mübadiləsi aparıb.