Azərbaycan ilə Polşa arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib
Noyabrın 4-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Polşanın kənd təsərrüfatı və kəndin inkişafı naziri Marek Savitski ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qarşılıqlı səfərlərin ölkələrarası münasibətlərə müsbət təsir göstərdiyini vurğulayan Baş nazir Artur Rasizadə Azərbaycan ilə Polşa arasında mövcud siyasi, iqtisadi, mədəni əlaqələrə toxunaraq, aqrar sahədə də əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini bildirib və bu sahədə Polşanın əldə etdiyi təcrübədən faydalanmağın məqsədəuyğunluğunu diqqətə çatdırıb.
Hər iki ölkə arasında kənd təsərrüfatı sahəsində hüquqi bazanın genişləndirilməsinin vacibliyini önə çəkən Artur Rasizadə istehsal olunan məhsullar barədə qarşılıqlı məlumatlandırmanın və ticarətin, elmi-texniki və kadr hazırlığı sahəsində birgə əməkdaşlığın, mütəxəssislərin iştirakı ilə təlim və seminarların keçirilməsinin, aidiyyəti qurumlar arasında informasiya mübadiləsinin önəmini qeyd edib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Marek Savitski Bakıda apardığı danışıqlar barədə Azərbaycanın Baş nazirinə ətraflı məlumat verib. O, ölkəsinin Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı sahəsində əlaqələrə xüsusi önəm verdiyini xatırladaraq, səfərinin əsas məqsədinin gələcək əməkdaşlığın səmərəli təşkili üçün azərbaycanlı həmkarları ilə fikir mübadiləsi aparmaqdan ibarət olduğunu deyib.
Görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında da geniş müzakirələr aparılıb.