AZƏRBAYCAN-İRAN: HÜQUQİƏMƏKDAŞLIQ GENİŞLƏNİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, iranlı nazir və onun başçılıq etdiyi nümayəndə heyətinin üzvləri Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etmiş, ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafında əvəzsiz xidmətləri olmuş dahi şəxsiyyətə dərin ehtiramlarını bildirmişlər. Qonaqlar, həmçinin, Şəhidlər xiyabanında olmuş, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini yad etmiş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.
Ədliyyə Nazirliyində nazir Fikrət Məmmədov və nazirliyin rəhbər heyətinin iranlı həmkarları ilə görüşü olmuşdur. Görüşdə hüquqi əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmış, bu sahədə imzalanmış sənədlərin ölkələrimiz arasında əlaqələrin daha da dərinləşməsinə xidmət etdiyi vurğulanmışdır.
Sonra hər iki ölkənin ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Memorandum imzalanmışdır. İmzalanma mərasimində çıxış edən nazirlər dövlətlərimizin hüquqi sahədə əməkdaşlığının daha da möhkəmləndirilməsində, hər iki nazirlik arasında əlaqələrin inkişafında bu sənədin mühüm əhəmiyyətini qeyd etmişlər.
Ölkələrimizin ədliyyə sahəsində əməkdaşlığına layiqli töhfə verdiyinə görə hörmətli qonağa Azərbaycan Ədliyyə Nazirliyinin rəmzi medalı təqdim olunmuşdur.
İran nümayəndə heyəti nazirlikdə yaradılmış ədliyyə tarixi muzeyi ilə və burada Azərbaycan-İran münasibətlərindən bəhs edən ekspozisiyalarla tanış olmuşlar. M.Şüştəri fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.
Qonaqlara səfərlə bağlı xüsusi hazırlanmış jurnal təqdim olunmuşdur.
Səfər çərçivəsində İran nümayəndə heyətinin yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti ilə tanışlığı, habelə penitensiar müəssisələrə baş çəkməsi nəzərdə tutulmuşdur.
Həmin gün İranın ədliyyə naziri Məhəmmədismayıl Şüştəri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Baş prokuror Zakir Qaralov və milli təhlükəsizlik naziri Namiq Abbasovla görüşmüşdür.