QAN YADDAŞI
“Azərbaycan–İsrail” Beynəlxalq Assosiasiyası 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad etmişdir
Bakı, 19 yanvar (AZƏRTAC). “Azərbaycan–İsrail” Beynəlxalq Assosiasiyası (Azİz) 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələrin qurbanlarının xatirəsini ehtiramla yad etmişdir.
Assosiasiyanın mətbuat xidmətində AZƏRTAC-a bildirmişlər ki, bu tədbir yanvarın 17-də İsraildə əslən Azərbaycandan olan bir neçə minlik icmanın yaşadığı Akko şəhərində keçirilmişdir. Anma mərasimi bir dəqiqəlik sükutla başlanmışdır.
Assosiasiyanın vitse-prezidenti, Akko şəhər bələdiyyəsinin üzvü Nexemiya Şirin Mixaeli tədbiri açaraq, o faciəli günlərdə sovet qoşunlarının Bakıya yeridilməsi nəticəsində müxtəlif millətlərdən olan yüzlərlə günahsız gəncin, o cümlədən Azərbaycan, yəhudi, rus, ləzgi və digər xalqların nümayəndələrinin qətlə yetirilməsi və yaralanması barədə söhbət açmışdır.
“Azərbaycan–İsrail” Beynəlxalq Assosiasiyası nəzdində yaradılmış Azərbaycan Mədəniyyəti Mərkəzi 20 Yanvar hadisələrindən bəhs edən kitabları, kitabça və fotoşəkilləri təqdim etmişdir. Mərkəzin direktoru Yeganə Salman qeyd etmişdir ki, 1990-cı il yanvar hadisələri Rusiyadakı havadarlarının köməyinə arxalanan erməni millətçilər tərəfindən Azərbaycana qarşı həyata keçirilən çoxillik terror zəncirinin bir halqası idi. O daha sonra qeyd etmişdir ki, sovet qoşunlarının hücumu Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsini dayandıra bilməmişdir. Y.Salman xatırlatmışdır ki, bu hadisələrdən sonra Azərbaycanda başlanmış hərc-mərclikdən istifadə edən erməni işğalçıları Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və onun ətrafındakı rayonları, ümumilikdə Azərbaycan ərazisinin 20 faizini tutmuşlar.
Azərbaycan üçün ən ağır anda xalqın təkidli xahişi ilə güclü, müdrik və təcrübəli siyasi xadim Heydər Əliyev hakimiyyətə gəlmiş, ölkədə asayişi bərpa etmiş, siyasi sabitlik yaratmışdır. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edən Azərbaycan regionda iqtisadi və siyasi cəhətdən ən mühüm ölkələrdən birinə çevrilmişdir.
Azğınlıq edən sovet qoşunlarının güllələrinin qurbanı olmuş Bakı sakinlərinin xatirəsini anma tədbirində əslən Azərbaycandan olan, hazırda İsrailin müxtəlif guşələrində yaşayan soydaşlarımız iştirak etmişlər.