AZƏRBAYCAN KAMANDAN OXATMA FEDERASİYASINA YENİ PREZİDENT SEÇİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 16-da Gənclər və İdman Nazirliyində Azərbaycan Kamandan Oxatma Federasiyasının növbədənkənar konfransı keçirilmişdir. Konfrans Azərbaycan Kamandan Oxatama Federasiyasının yeni prezidentini seçmişdir. İş adamı Şahin Mövsümov federasiyasının yeni prezidenti seçilmişdir.
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov demişdir ki, son illər idman sektorunda aparılan islahatlar nəticəsində bu sahəyə iş adamlarının cəlb olunması geniş vüsət almışdır. Bunu yaxşı hal kimi dəyərləndirən nazir, federasiyanın kamandan oxatama idman növünün ölkəmizdə tamamilə tənəzzülə uğramaması üçün gördüyü işi yüksək qiymətləndirmişdir.
Tədbirdə hesabatla çıxış edən federasiyanın sabiq prezidenti Namiq Hüseynov əsasən problemləri vurğulamışdır. N.Hüseynov qeyd etmişdir ki, atıcılıq bazasının, maddi-texniki şəraitin olmaması bu idman növünə marağı azaltmışdı. Bununla belə, Gənclər və İdman Nazirliyinin köməyi ilə Avropa və dünya çempionatlarında çıxış edən Azərbaycan yığması təlim-məşq toplanışlarını Türkiyə və digər ölkələrdə keçirməli olurdu.
Yeni seçilmiş prezident Ş.Mövsümov respublikamızda özünəməxsus ənənələri olan bu idman növünün inkişafının vacibliyini qeyd etmişdir. Federasiyanın 2007-2010-cu illər üçün nəzərdə tutulmuş fəaliyyət proqramında ölkədə kamandan oxatmanın dirçəldilməsi, habelə yeni atıcılıq kompleksinin tikilməsi, Gəncə, Sumqayıt, Naxçıvan və digər şəhərlərdə bu idman növünün geniş təbliği məsələləri əksini tapmışdır. Ş.Mövsümov təxminən bir ildən sonra bu idman növündə nailiyyətlərin qazanılacağına ümid etdiyini söyləmişdir.
Federasiyanın digər rəhbər orqanlarına keçirilən seçkilərdə Andrey Patrakov baş katib, Namiq Hüseynov isə vitse-prezident seçilmişlər.