AZƏRBAYCAN-KANADA MÜNASİBƏTLƏRİ YENİ MƏRHƏLƏYƏ QƏDƏM QOYUR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a demişlər ki, səmimi qəbula görə təşəkkürünü bildirən səfir Maykl Lir etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edərək, ölkələrimiz arasındakı əlaqələrin inkişafı istiqamətində fəal çalışacağını vurğulamışdır.
Nazir Elmar Məmmədyarov səfiri yeni təyinatı münasibətilə təbrik edərək, ona fəaliyyətində uğurlar arzulamışdır. O, Azərbaycanın Kanada ilə münasibətlərin hərtərəfli inkişafına böyük əhəmiyyət verdiyini nəzərə çarpdıraraq, ölkələrimizin bir çox sahələrdə geniş imkanlara malik olduqlarını qeyd etmişdir. Bu yaxınlarda Kanadada Azərbaycan səfirliyinin açılacağı barədə qonağa məlumat verən nazir Kanada səfirliyinin də tezliklə Bakıda açılmasını arzu etmişdir. O demişdir ki, səfirliklərin açılması ölkələrimiz arasındakı əlaqələrə yeni təkan verəcəkdir.
Sonra xarici siyasət idarəsinin başçısı müstəqillik qazandıqdan sonra Azərbaycanın siyasi, ictimai, iqtisadi vəziyyətindən, ölkəmizdə aparılan demokratik islahatlardan, respublikamızın Avropa təsisatlarına inteqrasiyasından, beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərdən və onların uğurla həyata keçirilməsindən ətraflı söhbət açmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlərlə əlaqədar respublikamızın mövqeyini səfirin diqqətinə çatdırmışdır.
Nazir Elmar Məmmədyarov İraq və Əfqanıstandakı vəziyyətə də toxunaraq, Azərbaycan sülhməramlılarının terror əleyhinə koalisiyada iştirakı barədə səfirə məlumat vermişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunmuşdur.