Azərbaycan karateçiləri Karate1 Premyer Liqa turnirində mübarizəyə başlayıblar
Bakı, 22 aprel, AZƏRTAC
Bu gün Azərbaycan karateçiləri mövsümün ikinci Karate1 Premyer Liqa turnirində mübarizəyə başlayıblar.
AZƏRTAC xəbər verir ki, Portuqaliyada keçirilən yarışda Azərbaycan komandasını 14 idmançı təmsil edir. Kişilər arasında turnirdə Əminağa Quliyev, Sultan Hüseynov, Hüseyn Məmmədli (hər üçü 60 kq), Tural Ağalarzadə, Rafiz Həsənov (hər ikisi 67 kq), Fərid Ağayev (75 kq), Pənah Hüseynov, Turqut Həsənov (hər ikisi 84 kq), Asiman Qurbanlı və Osman Osmanlı (hər iksi +84 kq) yarışır.
Qadın karateçilərdən ibarət komandamızın heyətində isə Mədinə Sadiqova (50 kq), İlahə Qasımova (55 kq), Ayla Rzazadə (61 kq) və İrina Zaretska (68 kq) yer alıblar.
Beynəlxalq hakimlərdən Cahangir Babayev və Vüqar Kərimov yarışın hakimləri arasında olacaqlar. Karate1 Premyer Liqa turnirinə 58 ölkədən 351 idmançı qatılıb.