Azərbaycan kəhrizlərinin atlası hazırlanıb
Bakı, 13 oktyabr, AZƏRTAC
AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda baş direktor, coğrafiya elmləri doktoru Zakir Eminovun sədrliyi ilə elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda dissertant Rauf Əmənov "Azərbaycan kəhrizlərinin ikidilli atlasının” hazırlanması mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, atlas BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının Koreya Beynəlxalq İnkişaf Agentliyinin (KOICA) maliyyə dəstəyi və Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi, “Azərsu” ASC-nin dəstəyi ilə “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin inteqrə edilmiş inkişafı” layihəsi əsasında hazırlanıb.
R.Əmənovun sahibi olduğu “Caucasus Geo Survey” MMC-nin ərsəyə gətirdiyi atlasda Azərbaycanın bölgələrində yerləşən hər bir kəhrizin texniki qiymətləndirilməsi öz yerini tapıb, kəhrizlərin su sərfi, yerli əhali üçün içməli olub-olmaması və s. haqqında məlumatlar toplanıb.
Layihəyə əsasən azkahriz.az saytı işlənərək istifadəyə verilib və eləcə də kəhrizlərin ölkə ərazisində coğrafi paylanması xəritəsi hazırlanaraq çap edilib.