Azərbaycan komandası Startaplar üzrə dünya çempionatının qalibi olub
Bakı, 21 iyul, AZƏRTAC
“Miniboss Business School Baku”nun tələbələri Qlazqoda keçirilən Startaplar üzrə dünya çempionatında 20-dən çox ölkənin komandası arasında birincilik qazanıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, “Miniboss Business School Baku”nun tələbələri iyulun16-dan 20-dək Şotlandiyanın Qlazqo şəhərində 6-16 yaşarası uşaqlar və yeniyetmələr arasında keçirilən Startaplar üzrə dünya çempionatının qalibi olub. 20-dən çox ölkənin iştirak etdiyi tədbirdə ən yüksək nəticə göstərərək finala çıxan “Econotes” komandası innovativlik, mənfəətlilik, layihənin əhatə dairəsi, mediada işıqlandırma, münsiflər heyətinin suallarını cavablandırma meyarları üzrə digər komandaları geridə qoyaraq birinci olub.
Qeyd edək ki, “Econotes” komandası cari ildə “Miniboss Business School Baku”nun təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə keçirilmiş Milli Startap çempionatının da qalibidir.