Azərbaycan könüllüləri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
Bakı, 31 mart, AZƏRTAC
Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq faciə qurbanlarının xatirəsini yad etmək məqsədilə Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.
AKTİ-dan AZƏRTAC-a bildiriblər ki, ziyarət zamanı könüllülər ermənilərin törətdikləri amansız cinayətlər haqqında ətraflı məlumatlandırılıblar. Bildirilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə aparılan tikinti işləri zamanı aşkarlanıb. Tədqiqatlar nəticəsində bu məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib. 2013-cü ildə Heydər Əliyev Fondunun dəstəyi ilə əsası qoyulmuş Kompleks ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlərin dünyaya çatdırılması üçün olduqca mühüm rol oynayır.
Könüllülər ziyarətdən çox təsirləndiklərini, qalib dövlətin gəncləri olaraq bundan sonra da düşmən tərəfindən törədilmiş qanlı cinayətlərlə bağlı həqiqətlərin, tarixi faktların dünya ictimaiyyətinə çatdırılması və mart hadisələrinin heç vaxt unudulmaması üçün fəaliyyətlərini davam etdirəcəklərini vurğulayıblar.