Azərbaycan-Litva münasibətləri dinamik şəkildə inkişaf edir
Vilnüs, 15 may, AZƏRTAC
Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə bu ölkənin Seyminin sədr müavini Gediminas Kirkilas ilə görüşüb.
Görüşdə Azərbaycan və Litva arasında ikitərəfli münasibətlər, parlamentlərarası əlaqələr, regional və beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri müzakirə olunub.
Səfir Azərbaycan ilə Litva arasında münasibətlərin dinamik şəkildə inkişaf etdiyini bildirib, parlamentlərarası əlaqələrin səviyyəsinin razılıq doğurduğunu deyib. O, hazırda Litva Seymində Azərbaycanla əlaqələr üzrə parlamentlərarası qrupun üzvlərinin sayının 51 nəfər təşkil etdiyini vurğulayıb, iki ölkə arasında əməkdaşlığın inkişafında qanunverici qurumların imkanlarının maksimum səfərbər olunmasının vacibliyini qeyd edib.
Diplomat Litva Seymi sədrinin müavininə “Bakı-2015” ilk Avropa Oyunları haqqında məlumat verərək Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın Oyunların yüksək səviyyədə keçirilməsinə böyük önəm verdiklərini bildirib. O, Oyunların başlanmasına bir aydan da az vaxt qaldığını qeyd edərək, Litva Seyminin üzvlərini yarışları izləməyə dəvət edib.
Görüşdə son zamanlar regionda və dünyada cərəyan edən proseslər ətrafında fikir mübadiləsi aparılıb.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs