AZƏRBAYCAN MDB MƏKANINDA YOXSULLUĞU AZALDA BİLƏCƏK YEGANƏ ÖLKƏDİR
Nazir Fərhad Əliyev bildirmişdir ki, məqsəd respublikamızda yoxsulluğa qarşı mübarizə sahəsində vəziyyət, nailiyyətlər və problemlər haqqında kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinə məlumat verməkdir. Bildirilmişdir ki, hazırda dünyada 2,8 milyard adamın hər birinin gündəlik gəliri 2 ABŞ dollarından aşağıdır, doğulan hər 100 uşaqdan 6-sı bir, 8-i isə beş yaşına çatanadək tələf olur. Nazir bütün bu problemləri həll etmək üçün dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda da yoxsulluğun azaldılması istiqamətində məqsədyönlü tədbirlər görüldüyünü söyləmişdir. Qeyd edilmişdir ki, ölkəmizdə yoxsulluq həddində yaşayan əhalinin sayı 2002-ci ildəki 47 faizdən 2004-cü ildə 40 faizə endirilmiş, 300 mindən artıq yeni iş yeri yaradılmışdır. 2005-ci ildə Azərbaycanda müşahidə olunan 20 faizə yaxın iqtisadi artım dünyada ən yüksək göstərici hesab edilir. Cari ildə Prezident İlham Əliyev tərəfindən 2015-ci ilədək Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq barədə Dövlət Proqramı haqqında Sərəncamın imzalanması xüsusi vurğulanmışdır.
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Marko Borsotti respublikamızda yoxsulluğun daha sürətlə azaldığını, ilk dəfə olaraq, qlobal Dünya İqtisadi Forumu tərəfindən ölkəmizin reytinq aldığını və bunun keçmiş SSRİ-nin digər dövlətlərinin reytinqindən yüksək olduğunu söyləmişdir. O, Azərbaycanı MDB məkanında yoxsulluğu yarıbayarı azalda biləcək yeganə respublika hesab etmişdir.
Sonda KİV nümayəndələrinin sualları cavablandırılmışdır.