Azərbaycan Memarlıq və İnşaat Universitetində 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır
Bakı, 17 yanvar (AZƏRTAC). Azərbaycan Memarlıq və İnşaat Universitetində (AMİU) 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş anma tədbiri keçirilmişdir.
Tədbir iştirakçıları universitetin foyesindəki xatirə guşəsinin önünə tər qərənfillər düzmüş, Vətənimizin azadlığı və suverenliyi uğrunda həlak olmuş bütün şəhidlərimizə Ulu Tanrıdan rəhmət diləmişlər.
AMİU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mərasimdə universitetin rektoru, Milli Məclisin deputatı, professor Gülçöhrə Məmmədova 20 Yanvar faciəsinin Azərbaycan xalqının tarixinə qanlı gün kimi deyil, milli qürur günü kimi yazıldığını diqqətə çatdırmışdır. Bildirmişdir ki, 20 Yanvar AMİU-nun tarixinə də qara hərflərlə həkk olunmuşdur. Həmin gün bu ali təhsil ocağının 4 tələbəsi öz qanı ilə Azərbaycanın müstəqilliyini tarixə yazan Vətən övladları sırasında idi. Vətən uğrunda şəhid olan tələbələrimiz qürur yerimiz oldu.
Tədbirdə çıxış edən tələbələr də xalqımızın mərd övladları ilə daim qürur duyacaqlarını söyləmişlər. Vurğulanmışdır ki,1990-cı ilin Qanlı Yanvarında respublikamızın azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladlarımız özlərinin fədakarlığı ilə xalqımızın qəhrəmanlıq səlnaməsinə parlaq səhifələr yazmışlar.