AZƏRBAYCAN MİLLİ OLİMPİYA KOMİTƏSİNİN İNZİBATİ BİNASINDA “OLİMPİYA RUHU” SƏRGİSİNİN AÇILIŞ MƏRASİMİ
Azərbaycan Prezidenti İlham Əliyev və Yunanıstan Prezidenti Konstantinos Stefanopulos mərasimdə iştirak edirdilər.
Yunanıstan Mədəniyyət Nazirliyinin sponsorluğu ilə bu ölkənin Bakıdakı səfirliyinin təşkil etdiyi sərgi “Antik Olimpiya oyunları”, “1896-cı ildə Afina Olimpiya oyunlarının bərpası” və “Afina-2004” bölmələrindən ibarətdir. Birinci və ikinci bölmələr Yunanıstan muzeyləri və arxivlərinin eksponatları əsasında hazırlanmışdır. Sonuncu bölmə isə qarşıdakı Olimpiya oyunlarının keçiriləcəyi idman qurğularından bəhs edir.
Burada Azərbaycan rəssamı Kərim Cəlalın “Afina-2004” adlı əsəri də nümayiş edilir.
Dövlət başçıları sərginin açılışını bildirən lenti kəsdilər. Prezident İlham Əliyev Yunanıstan Prezidenti Konstantinos Stefanopulosa Azərbaycan Milli Olimpiya Komitəsinin hədiyyələrini təqdim etdi.
Sonra Milli Olimpiya Komitəsinin akt salonunda respublikamızın idman ictimaiyyətinin nümayəndələri ilə görüş keçirildi. Yığıncaqda Azərbaycan Prezidenti İlham Əliyev və Yunanıstan Prezidenti Konstantinos Stefanopulos nitq söylədilər.