Azərbaycan millisi Qırğızıstan yığmasının qapısından üç cavabsız top keçirib YENİLƏNİB
Bakı, 29 may, AZƏRTAC
Qarşılıqlı hücumlar şəraitində keçən oyunun 74-cü dəqiqəsində millimizin üzvü Mahir Mədətov ikinci topu rəqib qapısından keçirib. On dəqiqə sonra Ürfan Abbasov fərqlənərək hesab arasındakı fərqi artırıb. Bu, oyunda vurulan sonuncu qol olub.
Beləliklə, Azərbaycan millisi 3:0 hesablı qələbə qazanıb.
21:00
Oyuna fəal başlayan Azərbaycan millisi matçın 17-ci dəqiqəsində istəyinə nail olub. Maksim Medvedev başla topu Qırğızıstan yığmasının qapısından keçirib.
Komandaların cəhdlərinə baxmayaraq birinci hissənin sonunadək hesab dəyişməyib.
Matçın ilk hissəsi Azərbaycan millisinin minimal hesablı üstünlüyü ilə başa çatıb - 1:0.
20:00
Bakı Olimpiya Stadionunda futbol üzrə Azərbaycan və Qırğızıstan milli komandaları arasında yoldaşlıq oyunu başlayıb.
AZƏRTAC xəbər verir ki, oyunu Türkiyədən olan hakimlər idarə edirlər. Yoldaşlıq oyununun baş hakimi Ali Palabıyıkdır. Ona həmyerliləri Serkan Olguncan və İbrahim Çağlar Uyarcan kömək edirlər. Dördüncü hakim funksiyasını Alper Ulusoy yerinə yetirir.
Azərbaycan millisinin start heyətində Səlahət Ağayev, Maksim Medvedev, Ruslan Abışov, Pavel Paşayev, Ürfan Abbasov, Qara Qarayev, Emin Mahmudov, Cavid İmamverdiyev, Namiq Ələsgərov, Araz Abdullayev və Ramil Şeydayev yer alıblar.
Qırğızıstan yığmasının ilk onbirliyində meydana Valeri Kaşuba, Tamirlan Kozubayev, Kursanbek Şeratov, Aziz Sıdıkov, Mirlan Murzayev, Bekjan Saqınbayev, Avazbek Otkeyev, Kayrat Jırqalbekuulu, Baxtiyar Duyşobekov, Farxat Musabekov və İslam Şamşiyev çıxıblar.
Bu, millimizin baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında dördüncü sınağıdır. Milli komandamız əvvəlki görüşlərdə Moldova və Makedoniya yığmaları ilə heç-heçə edib, Belarus seçməsinə məğlub olub.
Komandamız iyunun 5-də Qazaxıstan, iyunun 9-da isə Latviya yığmaları ilə yoldaşlıq oyunları keçirəcək.