Azərbaycan millisinin baş məşqçisi: Portuqaliya ilə oyunda qələbəyə ümidimiz böyükdür
Bakı, 22 oktyabr, AZƏRTAC
“Rəqibin kimliyindən asılı olmayaraq, biz heç nədən çəkinmirik. Ümid edirəm ki, Portuqaliya ilə matçda heç bir problem yaşamadan istədiyimiz oyunu göstərəcəyik”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Avropa çempionatının seçmə mərhələsində Portuqaliyaya qarşı keçirəcəkləri pley-off oyunları barədə danışarkən deyib.
Mütəxəssis Portuqaliya yığmasının B liqasında yer alan ən çətin rəqib olduğunu söyləyib: “Sevindirici haldır ki, B divizionuna yüksələrək ölkə futbolunda tarixi uğura imza atdıq. Təəssüflər olsun ki, rəqibimiz B liqasının ən reytinqli komandasıdır. Amma pley-off mərhələsinə qədər irəliləmişiksə, burada komandaların gücünü sorğulamamalıyıq. Portuqaliya seçməsinin heyəti keyfiyyətli oyunçulardan təşkil olunub. Son illər xüsusilə yaxşı formadadırlar. B Liqasında öz qruplarının lideri olublar. Bütün bunlara baxmayaraq, əlimizə düşən bu fürsətdən maksimum istifadə edib qələbə qazanmaq istəyirik”.
Baş məşqçi evdəki oyuna yaxşı hazırlaşdıqlarını bildirib: “Dünəndən etibarən təlim-məşq toplanışına start vermişik. Oyuna tam hazır olmaq əlimizdən gələni edəcəyik. Yığmada itkilər də var. Türkiyənin "Fatih Vatanspor" klubunda çıxış edən komandamızın üzvü Esra Manya burnundan aldığı zədə üzündən Portuqaliya ilə Bakıdakı görüşdə forma geyinməyəcək. Digər tərəfdən, Ayşən Əhmədova sarı vərəqə limitini doldurduğu üçün matçda iştirak etməyəcək. İtkilərə baxmayaraq, qələbəyə ümidimiz böyükdür. Ümumilikdə, qızlarımız qarşılaşmalara yaxşı hazırlaşırlar. Portuqaliyanı üstələsək, Belarus-Çexiya cütünün qalibi ilə üz-üzə gələcəyik. Həmin oyunu qələbə ilə başa vuran tərəf Avropa çempionatının finalına vəsiqə qazanacaq”.
Qeyd edək ki, Azərbaycan millisi Portuqaliya ilə ilk oyununu oktyabrın 25-də Bakıda, cavab matçını isə bundan 4 gün sonra Braqa şəhərində keçirəcək.