Azərbaycan millisinin basketbolçusu: Ermənistan üzərində qələbə bizi çempionluğa ruhlandırdı
Bakı, 15 iyul, AZƏRTAC
“Qələbə həmişə xoş təəssüratla yadda qalır. Əgər bu kuboku ölkən üçün qazanırsansa, ikiqat sevinc olur”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Cəbəllütariqdə 16 yaşadək basketbolçu qızlar arasında keçirilmiş Avropa çempionatının C divizionunun qalibi olan Azərbaycan millisinin üzvü Ancelina İsmayılova deyib.
O, yarışın özləri üçün asan keçmədiyini bildirib: “Turnir ötənilki kimi ağır keçdi. Oyunlara son çempion adı ilə çıxdığımız üçün çox məsuliyyətli idik. Kipr üzərindəki tarixi qələbə hər zaman yaddaşımda xoş xatirə kimi qalacaq. Bu zəfərə görə Tanrıya, məşqçilərimə və komanda yoldaşlarıma təşəkkür edirəm”.
Gənc basketbolçu turnirin ilk oyununda Ermənistan üzərində qazanılan qələbənin komandaya növbəti matçlar üçün böyük motivasiya verdiyini söyləyib: “Birinci oyun hər zaman vacib olur. Çünki ilk matçda qazanılan qələbə komandaya təsir edir. Ermənistanla matçdakı möhtəşəm qələbə isə bizi çempionluğa ruhlandırdı və əlavə güc verdi”.
Turnirin ən dəyərli oyunçusu seçilən A.İsmayılova fərdi mükafatın deyil, çempionluğun önəmli olduğunu vurğulayıb: “Fikrim yalnız qələbə qazanmaqda idi. Turnirdən əvvəl yenidən çempion olacağımıza inanırdıq. Bu güvən bizə ardıcıl ikinci uğurlu nəticəni qazandırdı. Qələbəmizi bütün Azərbaycan xalqına və ailəmə həsr edirəm. Mükafata görə də xoşbəxtəm”.
Qeyd edək ki, Azərbaycan millisi finalda Kipr seçməsinə 69:52 hesabı ilə qalib gələrək çempion olub.