AZƏRBAYCAN NATO İLƏ ƏMƏKDAŞLIĞIN İNKİŞAFINA BÖYÜK ƏHƏMİYYƏT VERİR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, qonağı salamlayan nazir Elmar Məmmədyarov Azərbaycanda NATO-nun “Yay məktəbi” həftəsinin keçirilməsini yüksək qiymətləndirmişdir. O, Azərbaycanın Şimali Atlantika Alyansı ilə “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində bütün istiqamətlərdə, o cümlədən elmi tədqiqat və bir sıra digər sahədə də əməkdaşlığın daha da inkişaf etdirilməsinə böyük əhəmiyyət verdiyini vurğulamışdır.
NATO baş katibinin müavini Jan Furne səmimi qəbula görə təşəkkürünü bildirərək, Bakıda “Yay məktəbi” həftəsinin keçirilməsinin Azərbaycan ilə NATO əlaqələrinin hərtərəfli inkişafına müsbət təsir göstərəcəyini qeyd etmişdir. O, Şimali Atlantika Alyansının Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verdiyini vurğulamış və bu istiqamətdə müxtəlif tədbirlərin keçirilməsinin zəruriliyini diqqətə çatdırmışdır. O, NATO Elm Komitəsinin iyunun 13-15-də Bakıda keçirilmiş iclası barədə nazir Elmar Məmmədyarova məlumat vermişdir.
Görüşdə ölkəmizin xarici siyasət idarəsinin başçısı Elmar Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin may ayında Belçika Krallığına və iyunun 14-15-də Gürcüstana səfərlərinin əhəmiyyətindən, regiondakı vəziyyət, ölkəmizdə aparılan iqtisadi islahatlar, neft sənayesinin inkişafı, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilməsi, onların mühafizəsi və bu sahədə perspektivlər barədə fikirlərini bildirmişdir. O, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan işlər, ATƏT-in Minsk qrupunun bu istiqamətdə fəaliyyəti və Azərbaycan qaçqınlarının ağır vəziyyəti barədə də qonağa ətraflı məlumat vermişdir.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə olunmuşdur.