Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin 4-cü toplantısı keçirilib
Bakı, 29 fevral, AZƏRTAC
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) 4-cü toplantısı keçirilib. Toplantı zamanı cəmiyyətin İdarə Heyətinin üzvləri və oftalmologiya sahəsində yüksək nailiyyətləri olan peşəkar mütəxəssislər, alimlərlə görüş keçirilib və məruzələr dinlənilib.
Mərkəzin elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən AOC-un sədri, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, tibb elmləri doktoru, professor Elmar Qasımov oftalmologiyada olan yeniliklərdən, problemlərdən və gələcək planlardan danışıb.
Cəmiyyətin sədr müavini, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva “Həkim deontologiyası” mövzusunda məruzə edib, ideal həkimi xarakterizə edib. Daha sonra cərrah-oftalmoloqlar tərəfindən öz təcrübələrində qeydə aldıqları maraqlı kliniki hallar məruzə edilib. Məruzələr akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşları, tibb üzrə fəlsəfə doktorları Mətanət Əfəndiyeva, Günay İbrahimzadə, Avrasiya Hospitalının mütəxəssisi İmran Carullazadə, Tibb Universitetinin oftalmoloqu Gülnar Əliyeva tərəfindən təqdim olunub.
Professorlar Çingiz Carullazadə, Paşa Qəlbinur, Rasim Hacıyev, tibb elmləri doktorları Hicran Namazova, Rəna Ağayeva, oftalmoloq Emin Əlihüseynli və digər mütəxəssislər gənc oftalmoloqların inkişafına aid bir sıra təkliflər irəli sürüb və tövsiyələrini veriblər.
Qeyd edək ki, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin toplantısı hər ay keçirilir.