Azərbaycan–Pakistan münasibətləri regional və beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam etdirilir
Bakı, 26 may, AZƏRTAC
Mayın 26-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfəri çərçivəsində Pakistan İslam Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Pakistan arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər siyasi dialoqun yüksək səviyyəsindən məmnunluq ifadə edərək, iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, müdafiə sənayesi, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.
Görüş zamanı ölkəmizin Ümumdünya Şəhərsalma Forumuna (WUF-13) uğurlu ev sahibliyi, yüksəksəviyyəli Pakistan nümayəndə heyətinin iştirakı məmnunluqla qeyd olunub.
Qardaşlıq və qarşılıqlı dəstəyə əsaslanan Azərbaycan–Pakistan münasibətlərinin regional və beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam etdiyi vurğulanıb, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər platformalarda əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.
Görüş zamanı regional təhlükəsizlik, Yaxın Şərqdə mövcud vəziyyət, eləcə də qarşılıqlı maraq doğuran digər beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.