İDMAN
AZƏRBAYCAN PƏHLƏVANI AVROPA ÇEMPİONATININ GÜMÜŞ MEDALINI QAZANMIŞDIR
AZƏRTAC xəbər verir ki, Moskvanın “Lujniki” İdman Kompleksində keçirilən sərbəst güləş üzrə Avropa çempionatına yekun vurulmuşdur. Yarışlarda ölkəmizi məşqçi Aslan Ağayevin rəhbərliyi ilə 6 pəhləvan təmsil etmişdir. Onlardan yalnız biri mükafatçılar sırasında yer almışdır.
Olimpiya çempionu, dünya kubokunun sahibi Namiq Abdullayev (55 kq) yarışlara uğurla başlamışdır. Güləşçimiz səkkizdəbir finalda yunan Amiran Karitanoya, dörddəbir finalda bolqar Krasmir Krastanoya, yarımfinalda belarus Andreyevə qalib gələrək finala çıxmışdır.
N.Abdullayev finalda Ukrayna güləşçisi, beşqat Avropa çempionu Aleksandr Zaxaroka uduzaraq, qitə birinciliyinin gümüş medalını qazanmışdır.
Xatırladaq ki, 3 gün öncə başa çatmış yunan-Roma güləşi üzrə Avropa çempionatında isə 2 pəhləvanımız - Rövşən Bayramov (55 kq) və Fuad Əliyev (60 kq) bürünc medala sahib olmuşdu.