AZƏRBAYCAN PİANOÇULARININ PORTUQALİYADA BÖYÜK UĞURU
Madeira adasındakı Funçal kurort şəhərində keçirilmiş müsabiqədə Rusiya, Fransa, İspaniya, Gürcüstan, Ukrayna, Yaponiya və bir çox digər ölkələrdən gənc istedadlar iştirak etmişlər.
Məşhur pedaqoq Tamilla Məmmədovanın müsabiqəyə hazırladığı hər iki qız 35 nömrəli Bakı musiqi məktəbində oxuyur. T.Məmmədova AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, müsabiqənin münsiflər heyətinin qərarı ilə Ülkər Hacılı fortepiano sinfi üzrə Qran-pri mükafatına layıq görülmüş, Səriyyə İsayeva isə fəxri ikinci yeri tutmuşdur.
Azərbaycanlı pianoçuların ifasında A.Qlazunovun ”Konsert etüdü”, F. Listin “Tarantella” və “Mefisto-vals”ı, A. Skryabinin “12 nömrəli etüd”ü, T.Quliyevin “Qaytağı” və “Variasiyalar” əsərləri səslənmişdir. T.Məmmədovanın özü isə müsabiqənin fəxri fərmanına layıq görülmüşdür.
Pedaqoq demişdir ki, Vətənə dönərkən qalibləri, yolüstü, Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev qəbul etmişdir. Səfir həmvətənlərimizi parlaq qələbə ilə təbrik etmiş və onlara yeni yaradıcılıq uğurları arzulamışdır. Görüş zamanı 35 nömrəli Bakı musiqi məktəbi ilə Kiyevdəki musiqi məktəblərindən biri arasında əməkdaşlıq yaratmaq təklifi irəli sürülmüşdür.