AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV 6 SAYLI SEÇKİ MƏNTƏQƏSİNDƏ SƏS VERMİŞDİR
Müstəqil Azərbaycanın yeni minillikdəki tarixinə ikinci prezident seçkiləri günü kimi daxil olacaq 2008-ci il oktyabrın 15-də 4,8 milyondan çox seçici qarşıdakı beş ildə ölkənin taleyini kimə etibar edəcəyini müəyyənləşdirəcəkdir. Avropa standartlarına cavab verən yeni Seçki Məcəlləsi əsasında vətəndaşların öz iradələrini sərbəst ifadə etmələri üçün bütün tədbirlər görülmüş, seçkilərin gedişini izləmək üçün xarici ölkələrdən yüzlərlə beynəlxalq müşahidəçi dəvət olunmuşdur. Seçkiqabağı kampaniya azad və şəffaf şəraitdə keçirilmiş, hər bir namizəd üçün bərabər şərait yaradılmışdır.
Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində xüsusi canlanma müşahidə olunurdu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səhər saat 11-də xanımı Mehriban Əliyeva ilə birlikdə seçki məntəqəsinə gəldi. Prezident İlham Əliyev səsvermə otağına gəlib, seçki bülletenini alaraq kabinəyə keçdi və sonra bülleteni qutuya saldı. Bu anı respublikamızın və xarici ölkələrin onlarca mətbuat orqanının, televiziya kanallarının nümayəndələri izləyirdilər. Mehriban xanım Əliyeva da səs verdi.
X X X
Seçki məntəqəsində səsvermə isə davam edirdi. Burada siyahı üzrə 872 seçici səs verməlidir. Onlardan 40 nəfərə yaxını ilk dəfə səs verən vətəndaşlardır. 13 nəfərə qeydiyyatdan çıxma vəsiqəsi verilmişdir. Seçkilərin gedişini 29 nəfər yerli, 14 xarici, o cümlədən Türkiyə, ABŞ, Rusiya, Ukrayna, Norveç və İrandan olan müşahidəçilər, habelə qeyri-hökumət təşkilatlarının, müxtəlif siyasi partiyaların və prezidentliyə namizədlərin nümayəndələri izləyirdilər. Azərbaycanın hər yerində olduğu kimi, 29 saylı Səbail seçki dairəsinin 6 saylı seçki məntəqəsində də seçicilər xalqımızın xoşbəxt gələcəyinə, dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, iqtisadi dirçəlişə, dinamik inkişafa, sabitliyə və əmin-amanlığa səs verirdilər.
######
![]() |
![]() |

