AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV FİNLANDİYA NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Prezident İlham Əliyev Finlandiyanın hərbi nümayəndə heyətinin Bakıda həmkarları ilə keçirdiyi görüşlər barədə məlumatı olduğunu bildirdi, bu səfərin uğurlu nəticələr verəcəyinə ümid bəslədiyini söylədi. Dövlətimizin başçısı müstəqil Azərbaycanın Finlandiya ilə əlaqələrə də böyük əhəmiyyət verdiyini vurğulayaraq dedi ki, hazırda bu əlaqələr intensiv deyildir və qarşılıqlı rəsmi səfərlər əməkdaşlığın inkişafına təkan verəcəkdir.
Azərbaycan Prezidenti ölkəmizin Avropaya inamlı inteqrasiyasından söhbət açdı və bildirdi ki, bu istiqamətdə çox mühüm addımlar atılmışdır.
Prezident İlham Əliyev Azərbaycanın ikitərəfli əlaqələrin genişlənməsinə xüsusi önəm verdiyini vurğulayaraq, ölkəmizin nümayəndə heyətinin Finlandiyaya uğurlu səfərlərini və bu səfərlər zamanı keçirilən görüşlərin əhəmiyyətini xatırlatdı, belə səfərlərin daha da intensivləşdirilməsinin vacibliyini bildirdi.
Vitse-admiral Yaako Smolander Azərbaycana səfərindən və dövlət başçısı İlham Əliyev ilə görüşündən şərəf duyduğunu vurğuladı, Finlandiyada Azərbaycanla əlaqələrə göstərilən maraqdan danışdı. Cənab Smolander Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatı ilə bağlı Prezident İlham Əliyevə başsağlığı verdi və bildirdi ki, o səfərinin ilk günündə Fəxri xiyabana gedərək, görkəmli dövlət xadiminin xatirəsini ehtiramla yad etmişdir.
Qonaq ölkələrimiz arasında əməkdaşlığı genişləndirmək üçün mövcud imkanlardan səmərəli istifadə etmək barədə fikirlərini açıqladı.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı.
Qəbulda Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-leytenant Elçin Quliyev iştirak edirdi.