AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI
Bakının nəqliyyat problemi kəskinləşir. Bu da təbiidir. Çünki Azərbaycanın iqtisadiyyatı dünyada analoqu olmayan sürətlə inkişaf edir. Ölkə əhalisi öz həyat səviyyəsini ildən-ilə yaxşılaşdırır. İqtisadi artım göz qabağındadır və sosial rifah da yaxşılaşır. Bakıya, Azərbaycana minlərlə, on minlərlə nəqliyyat vasitəsi gətirilir. Əlbəttə, şəhərin nəqliyyat sistemi buna dözmür. Bu məsələni həll etmək üçün, tıxacları aradan qaldırmaq üçün qərar qəbul olunmuşdur ki, qısa müddət ərzində 9 yerdə körpü və yolötürücüsü tikilsin. Bu gün biz birinci körpünün açılışında iştirak edirik. Bu onu göstərir ki, qarşıda qoyulan bütün məsələlər qısa müddət ərzində və yüksək keyfiyyətlə öz həllini tapır. Bundan sonra tikiləcək körpülər, əlbəttə ki, Bakının nəqliyyat sisteminin yaxşılaşmasına xidmət göstərəcəkdir.
Nəqliyyat Nazirliyindən mənə verilən məlumata görə, 9 körpünün, yolötürücüsünün tikintisi ilə işlər bitmir. Yeni planlar var, yeni layihələr var və biz onları icra edəcəyik. İndi bizim iqtisadi imkanlarımız artır. Büdcəmiz kəskin şəkildə artır. Tikilən bütün bu körpülər, salınan yollar, kənd yolları – hamısı dövlət vəsaiti hesabınadır. Biz artıq buna qadirik, iqtisadi potensialımızı gücləndiririk və bu potensialı insanların rahatlığına yönəldirik. Bu körpü məhz o finksiyanı daşıyır.
Körpü sənaye müəssisəsi, yaxud da ticarət müəssisəsi deyil ki, sonra gəlir gətirsin. Bu, sadəcə, insanların rahatlığı üçün dövlət tərəfindən görülən işlərdir. Bu körpülərin tikintisinə və bütövlükdə, Bakıda nəqliyyat sisteminin yaxşılaşdırılmasının birinci mərhələsinin həyata keçirilməsinə 200 milyon yeni manatdan çox vəsait ayrılmışdır. Biz artıq bu işin əvvəlindəyik. Aeroport yolu tamamilə yeniləşəcək, indikindən iki dəfə enli olacaq və ən yüksək dünya standartlarına cavab verəcəkdir.
Kənd yolları salınır. O kəndlər ki, oraya piyada da getmək mümkün deyildi, artıq minik avtomobili ilə gedilir. Şəhərlərarası yollar, magistral yollar – budur Azərbaycanın bugünkü inkişafı, bugünkü potensialı.
Ona görə mən bu körpünün istismara verilməsi münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm. Bu, həm gözəl bir layihədir, eyni zamanda, çox əlamətdar hadisədir və Azərbaycanın indiki siyasətini özündə əks etdirir. Körpülərin tikintisində iştirak etmiş bütün insanlara öz dərin minnətdarlığımı bildirirəm. Sizi bir daha təbrik edirəm.
X X X
Açılış mərasimindən yadigar olaraq, dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim edildi.
Prezident İlham Əliyev körpünün üzərində gəzdi, onun çox yaxşı tikildiyini bildirdi, yol qovşağının alt hissəsinə tamaşa etdi.
Körpüyə üzərinə vurulmuş lövhədə “Yol ötürücüsü Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevin sərəncamı əsasında 2006-cı ildə inşa edilmişdir” sözləri yazılmışdır.