RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN FRANSAYA DÖVLƏT SƏFƏRİ
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da Fransa Respublikasına ilk dövlət səfərinə gəlmişdir.
Parisin beynəlxalq “Orli” hava limanı Azərbaycanın və Fransanın dövlət bayraqları ilə bəzədilmiş, dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı təyyarənin pilləkəni yanında Fransanın müdafiə naziri xanım Mişel Allio-Mari, Paris hərbi qarnizonunun rəisi, Parisin Val de-Marn regionunun prefekti və digər rəsmi şəxslər böyük hörmətlə və səmimiyyətlə qarşıladılar.
Hərbi orkestrin ifasında Azərbaycanın və Fransanın dövlət himnləri səsləndi.
Prezident İlham Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçdi. Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verdi.
Azərbaycan Prezidenti İlham Əliyev “Orli” hava limanından hərbi vertolyotla Fransa paytaxtının memarlıq incilərindən olan Əlillər evinin yerləşdiyi meydana gəldi. Dövlətimizin başçısı buradan süvari milli qvardiyaçıların müşayiəti ilə onun üçün ayrılmış fəxri iqamətgaha - Marini sarayına gəldi.
Xatırladaq ki, bu tarixi məqamı Parisin yüzlərlə sakini böyük maraqla müşahidə edirdilər. Meydanda və yolboyu Azərbaycanın dövlət bayraqları asılmışdı.