AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ RUSİYA PREZİDENTİ DMİTRİ MEDVEDEVİN TƏKBƏTƏK GÖRÜŞÜ
AZƏRTAC xəbər verir ki, iyulun 3-də Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin təkbətək görüşü olmuşdur.
Prezident İLHAM ƏLİYEV Rusiya dövlətinin başçısına müraciətlə dedi:
-Hörmətli Dmitri Anatolyeviç!
Mən Sizi Azərbaycanda ürəkdən salamlayıram, Sizi görməyimə çox şadam. Bu, Sizin ölkəmizə ilk səfərinizdir və çox xoşdur ki, Siz Prezident vəzifəsində işə başlayandan az sonra Azərbaycana səfər edirsiniz. Bu, bizim əməkdaşlığımızın, ölkələrimiz arasında dostluq münasibətlərinin çox yaxşı əlamətidir. Mən əminəm ki, bu səfər çox uğurlu olacaq və münasibətlərimizin daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Bizim çox geniş gündəliyimiz var, qarşılıqlı maraq doğuran məsələlərin əhatə dairəsi genişdir. Əminəm ki, səfərin nəticələri çox uğurlu olacaq və fəal surətdə irəliləməyimizə imkan verəcəkdir.
Rusiya Prezidenti DMİTRİ MEDVEDEV səmimi qəbul üçün təşəkkür edərək dedi:
-Hörmətli İlham Heydər oğlu!
Sizin indicə dediklərinizlə tamamilə razıyam. Sankt-Peterburq zirvə toplantısında razılaşdığımız kimi, Sizə qonaq gəlməyimə çox şadam. Çox yaxşıdır ki, Bakıya rəsmi səfərim belə tezliklə baş tutdu. Əminəm ki, danışıqlarımız konstruktiv keçəcək, yaxşı nəticələr verəcəkdir. Bu gün Sizinlə imzalayacağımız Bəyannamə və bir sıra sənədlər xalqlarımızın mənafelərinə cavab verəcəkdir.
######
