AZƏRBAYCAN-QAZAXISTAN ƏMƏKDAŞLIĞININ YENİ PERSPEKTİVLƏRİ
Prezident İlham Əliyevin və Prezident Nursultan Nazarbayevin Almatı zirvə görüşündə imzaladıqları “Qazaxıstan neftinin Xəzər dənizi və Azərbaycan ərazisi ilə Bakı-Tbilisi-Ceyhan sistemi vasitəsilə beynəlxalq bazarlara nəql edilməsinə dəstək verilməsi və şərait yaradılması haqqında” müqavilə Azərbaycan-Qazaxıstan əməkdaşlığını qarşılıqlı surətdə faydalı strateji tərəfdaşlığın yeni səviyyəsinə çıxarmışdır.
Prezident Nazarbayevin sözlərinə görə, “ənənəvi dost olan və bir-birinə həmişə səmimiyyətlə yanaşan, ümumi kökləri, ümumi mədəniyyəti olan dövlətlərimizin qarşılıqlı münasibətlərində çox mühüm bu tarixi hadisə, ticarətimizin yüksək sürətlə artması üçün vacib imkan olan” bu müqavilə Qazaxıstanın kütləvi informasiya vasitələrinin diqqət mərkəzində idi.
AZƏRTAC xəbər verir ki, “Ekspress K” gündəlik ictimai-siyasi qəzetində dünya iqtisadi prosesi baxımından bu hadisənin əhəmiyyətini səciyyələndirən “Bakı-Ceyhan-Kosmos” sərlövhəli redaksiya məqaləsi dərc olunmuşdur. Qəzet Azərbaycan Prezidenti İlham Əliyevin ulu öndər Heydər Əliyevin Bakı-Tbilisi-Ceyhan layihəsini gerçəkləşdirmək təşəbbüsündən danışarkən dediyi sözləri sitat gətirmişdir: “Biz ona doğru çox uzun müddət irəliləmişik. Çoxları onu qeyri-real layihə kimi qəbul edirdi. Amma həyat göstərdi ki, bu layihəyə inananlar haqlıdırlar”.
“Kazaxstanskaya pravda”, “Veçerni Almatı”, “Komsomolskaya pravda Kazaxstan” nəşrləri və “Yegemen Kazakstan” dövlət milli ictimai-siyasi qəzeti də öz səhifələrində Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşünə, imzalanmış dövlətlərarası müqaviləyə xüsusi yer ayırmışlar. “Komsomolskaya pravda Kazaxstan” Prezident Nursultan Nazarbayevdən sitat gətirərək yazır: “Müqavilənin əhəmiyyətini lazımınca qiymətləndirmək çətindir. Xəzər dənizinin hər iki tərəfindən məhz Qazaxıstan və Azərbaycan Mərkəzi Asiya regionunun dövlətləri ilə ticarət üçün əsas birləşdirici vəsilədir”. Ən başlıcası isə, Qazaxıstan həm də neftin nəqli üçün Rusiya və Çin istiqamətləri ilə yanaşı, üçüncü yolu da əldə edir. Müqavilənin həyata keçirilməsi həm Qazaxıstanda, həm də Azərbaycanda müvafiq infrastukturun inkişafına, sərmayənin həcminin artmasına gətirib çıxaracaqdır.