Azərbaycan-Qırğızıstan əlaqələri müzakirə olunub
Bişkek, 15 iyun, AZƏRTAC
Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov bu ölkənin Parlamenti-Joqorku Keneşdəki Sosial-Demokratik Partiyası (QSDP) fraksiyasının lideri İsa Omurkulov ilə görüş keçirib.
Görüşdə səfir Hidayət Orucov İsa Omurkulovu hakim QSDP fraksiyasının lideri seçilməsi münasibəti ilə təbrik edib.
Fraksiya rəhbəri Azərbaycanı çox sevdiyini, parlamentlərimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. O, iki ölkənin parlamentləri arasında əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyətin davam etdirilməsi üçün var qüvvəsi ilə çalışacağını qeyd edib.
Səfir hakim partiyanın rəhbərini Azərbaycana rəsmi səfərə dəvət edib.
Dəvəti məmnuniyyətlə qəbul edən İ.Omurkulov bildirib ki, xalqlarımız arasında qardaşlıq əlaqələri mövcuddur. Ölkələrimiz arasındakı münasibətlər sürətlə inkişaf etməkdədir.
Səfir bildirib ki, Azərbaycan ilə Qırğızıstan arasında bütün sahələrdə əməkdaşlığın genişlənməsi və dərinləşməsi istiqamətində son vaxtlarda ciddi işlər görülüb. Lakin münasibətlərin daha da inkişafı üçün böyük potensial mövcuddur.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek