AZƏRBAYCAN RESPUBLİKASI ALİ MƏHKƏMƏSİNİN SƏDRİ PARİSDƏ KEÇİRİLMİŞ KONFRANSDA İŞTİRAK ETMİŞDİR
Ali Məhkəmənin mətbuat xidmətindən bildirmişlər ki, oktyabrın 26-27-də keçirilmiş konfransı Fransa Kassasiya Məhkəməsinin sədri Qay Kanivet açaraq, tədbirin əhəmiyyətini vurğulamışdır. Fransanın ədliyyə naziri Paskal Klement və Avropa Şurasının hüquqi işlər üzrə baş direktoru Qay de Vel konfransda çıxış etmişlər.
Hakim Karol Kampalonun Fransa Kassasiya Məhkəməsinin fəaliyyəti barədə məruzəsi ətrafında müzakirələrdə vətəndaşların qəbulu, Ali Məhkəmənin Hüquq Şurasının fəaliyyəti, presedent hüququnun yaradılmasında və ictimaiyyətə çatdırılmasında Ali Məhkəmənin rolu, Ali Məhkəmədə yeni informasiya texnologiyalarının tətbiqi məsələləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.
İsveç Ali Məhkəməsinin sədri Bo Svensonun “Ali Məhkəmədə məhkəmə prosesləri zamanı hüquqi yardım” mövzusunda məruzəsində yuxarı instansiya məhəkəmələrində işin icraata qəbul edilməsinin və işə baxılma prosesinin aşağı instansiya məhkəmələrindən fərqli cəhətləri, yuxarı instansiya məhkəmələrində yenidən baxılan işlərə Ali Məhəkəmədə hüquqi yardım mexanizmlərinin təsiri barədə ətraflı məlumat verilmişdir.
Fransa Kassasiya Məhkəməsinin hakimləri - xanım Rene Koerinq–Colin və Paskal Lemonenin məruzələri ətrafında Ali Məhkəmədə məhkəmə prosesində iştirak etmək məqsədi ilə bəzi hüquqşünasların monopoliyasının yaranmasının nə dərəcədə məqsədəmüvafiq ola biləcəyi barədə diskussiyalar aparılmışdır.
Sonra Ali Məhkəmədə işlərin bölgüsü prosesi barədə Fransa Kassasiya Məhkəməsinin hakimi Kristof Solardın məruzəsində məhkəməyə daxil olan müraciətlərin sayını məhdudlaşdırmadan məhkəmələrdə iş bölgüsünün aparılmasının mümkünlüyü, yuxarı instansiya məhkəmələrində iş bölgüsü zamanı və ümumiyyətlə işə baxılarkən Avropa Konvensiyası təcrübəsindən istifadə edilməsi məsələlərinə aydınlıq gətirilmişdir.
Konfransda 2-ci Paris Universitetinin professoru xanım Bendikt Favarkunun “Ali Məhkəmənin vətəndaşlarla dialoqu” mövzusunda məruzəsi də iştirakçıların qızğın müzakirəsinə səbəb olmuşdur.
Konfransda “Billür ədalət tərəziləri” Avropa Prizi ilə mükafatlandırma mərasimi də keçirilmişdir.