AZƏRBAYCAN RESPUBLİKASI HƏRBİ PROKURORLUĞUNDAGENİŞ KOLLEGİYA İCLASI KEÇİRİLMİŞDİR
Kollegiya iclasında 2005-ci ildə Azərbaycan Respublikasının hərbi prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.
İclasda hesabat məruzəsi ilə çıxış edən Azərbaycan Respublikasının hərbi prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyev ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə həyata keçirdiyi müdrik dövlətçilik siyasətindən danışaraq qeyd etmişdir ki, bu siyasətin layiqli davamçısı respublikamızın Prezidenti, Ali baş komandan İlham Əliyevin başçılığı ilə görülən genişmiqyaslı işlər sayəsində dövlətçiliyimiz daha da möhkəmlənmiş, ölkənin inkişaf dinamikasında ciddi keyfiyyət dəyişiklikləri baş vermiş, müstəqil dövlətimizin dünya birliyinə inteqrasiya prosesi daha da sürətlənmiş, uğurla həyata keçirilən islahatlar nəticəsində sosial-iqtisadi inkişaf sürətlənmiş, xalqımızın həyat səviyyəsi daha da yaxşılaşmış, Azərbaycan regionun aparıcı dövlətinə çevrilmişdir.
Bütün bu inkişaf və yüksəlişin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə də müsbət təsir etdiyini söyləyən hərbi prokuror, son vaxtlar Ali baş komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordunun maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmləndirildiyini, hərbçilərin sosial vəziyyətinin, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində addımlar atıldığını və ordunun döyüş qabiliyyətinin yüksəldiyini qeyd etmişdir. O bildirmişdir ki, ötən il orduya ayrılan xərclər 2004-cü ilə nisbətən 76 faiz, 2006-cı ildə isə bu rəqəm ötən ilə nisbətən 100 faiz artaraq 600 milyon dollara çatdırılmışdır.
Ötən il Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində işlərin səmərəliliyi daha da artırılmış, bütövlükdə ordu quruculuğuna mənfi təsir edə biləcək bir çox cinayətlərin üstü açılaraq təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələri təmin olunmuşdur.
Belə ki, ötən il hərbi prokurorluq orqanları tərəfindən 2004-cü illə müqayisədə 9,7 faiz çox cinayət hadisəsi qeydə alınmışdır ki, buna da əsas səbəb qeyri-hərbi cinayətlərin artması olmuşdur. Bu qəbildən olan cinayətlərin dinamikasının dəyişməsi son illər ərzində hərbi prokurorluq orqanları tərəfindən Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili Qoşunların, Hərbi Komissarlığın və digər hərbi qurumlarda müxtəlif vəzifə cinayətlərinə, saxtakarlıq və rüşvətxorluq hallarına qarşı mübarizənin daha da gücləndirilməsi, prokuror nəzarətinin kəsərliliyinin artırılması ilə əlaqədardır.
Bununla yanaşı, Hərbi Prokurorluqla Müdafiə Nazirliyi və digər hərbi qurumlarla birlikdə aparılmış məqsədyönlü iş nəticəsində əvvəlki ilə nisbətən hərbi xidmət əleyhinə, eləcə də fərariliklə, hərbi xidmətdən yayınma, xüsusilə qəsdən adamöldürmə, özünü öldürmə və özünü öldürməyə sui-qəsd hadisələri ilə bağlı olan cinayətlərin sayı xeyli azalmış, ötən illərdən qalan qəsdən adamöldürmə üzrə 9 cinayətin açılması təmin olunmuşdur.
Daha sonra məruzəçi 2005-ci ildə respublikanın hərbi prokurorluq orqanlarının fəaliyyətini ətraflı təhlil etmiş, buraxılmış nöqsanlardan danışmışdır.
Hərbi prokuror qeyd etmişdir ki, 2005-ci ildə prokurorluğun fəaliyyət istiqamətləri üzrə işlərin daha keyfiyyətlə yerinə yetirilməsi, hərbi qulluqçuların hüquq və vəzifələrinin dolğun təmin edilməsi üçün hərbi prokurorluq orqanlarının xidməti fəaliyyəti xeyli gücləndirilmişdir.
Məruzədə qeyd edilmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 2005-ci il yanvarın 1-dən qüvvəyə minməsi ilə əlaqədar hərbi prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiya cinayətlərinə qarşı mübarizə sahəsində öz fəaliyyətlərini daha da gücləndirmişlər ki, bu da əvvəlki illərə nisbətən cinayətkarlıqla mübarizə sahəsində daha səmərəli nəticələrin əldə edilməsinə, ordunun qüdrətini zəiflədə biləcək cinayətlərin, o cümlədən mənimsəmə, israfçılıq, rüşvətxorluq, vəzifədən sui-istifadəetmə və s. cinayət hadisələrinin vaxtında aşkar edilməsinə, cinayət törətmiş şəxslərin layiqli cəzaya məhkum edilməsinə şərait yaratmışdır.
Sonra hərbi prokuror ədliyyə general-leytenantı Xanlar Vəliyev Xocalı, habelə Qaradağlı, Meşəli faciələri və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri ilə bağlı respublika Hərbi Prokurorluğunda aparılan istintaq barədə kollegiya iclasının iştirakçılarına məlumat verərək bildirmişdir ki, həmin cinayət əməlləri Azərbaycan Respublikası CM-in soyqırımına görə məsuliyyət nəzərdə tutan 103-cü və digər maddələrinə tövsif edilmiş, iş üzrə 72 təqsirləndirilən şəxs barəsində İnterpol vasitəsilə axtarış elan edilmiş, hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Hərbi prokurorun hesabat məruzəsində, həmçinin “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil olunmaqla, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi, müraciətlərə baxılması və vətəndaşların qəbulu ilə əlaqədar işin təşkilində yol verilmiş nöqsanlar və çatışmazlıqlar ciddi tənqid olunmuş, belə mənfi halların təxirə salınmadan aradan qaldırılması üçün konkret göstərişlər verilmişdir.
Hesabat dövründə prokurorluğun fəaliyyət istiqamətləri üzrə bir çox əhəmiyyətli məsələlərlə bağlı ümumiləşdirmələr aparılmışdır ki, bu da mövcud problemlərin aradan qaldırılmasına xeyli kömək etmişdir. Son bir ildə cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə elmi institutların mütəxəssis alimlərinin iştirakı ilə birgə seminar-məşğələlər, hərbi məhkəmələrin hakimləri, hərbi komandanlıqla səmərəli görüşlər keçirilmiş, ordu quruculuğu sahəsində və cinayətkarlığa qarşı mübarizədə birgə vəzifələr müzakirə edilmişdir.
Məruzə ərtafında çıxışlar olmuş, nöqsanların aradan qaldırılması, qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığa qarşı səmərəli mübarizənin təmin olunması ilə əlaqədar qarşıda duran konkret vəzifələrdən danışılmışdır.
Kollegiya iclasında hərbi prokurorluq orqanlarının öz işini bundan sonra da müasir tələblər səviyyəsində quracağı, Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyevin ölkəmizin hərtərəfli inkişafına yönəlmiş siyasətinin uğurla həyata keçirilməsi üçün üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkləri qeyd olunmuşdur.