AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA
Əvvəlcə, Mərkəzi Seçki Komissiyasının 2003-cü il sentyabr ayının 10-da, 18-də, 23-də, 24-də və 29-da keçirilmiş iclaslarının protokolları təsdiq edilmişdir.
Mərkəzi Seçki Komissiyasının katibi İnqilab Nəsirov 66 saylı Biləsuvar seçki dairəsi dairə seçki komissiyasının və 86 saylı İsmayıllı seçki dairəsi dairə seçki komissiyasının, MSK katibi Vidadi Mahmudov 11 saylı Qaradağ seçki dairəsi dairə seçki komissiyasının və 12 saylı Qaradağ-Binəqədi seçki dairəsi dairə seçki komissiyasının, Komissiya üzvü Fuad Cavadov isə 25 saylı Nizami seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişikliklər edilməsi barədə məlumat vermişlər. MSK bu məsələlərlə bağlı müvafiq qərarlar qəbul etmişdir.
Sonra Mərkəzi Seçki Komissiyası üzvlərinin vahid seçici siyahılarının dəqiqləşdirilməsi və metodiki göstərişlərin verilməsi məqsədi ilə seçki dairələri dairə seçki komissiyalarına ezam olunması haqqında məsələyə baxılmışdır. Qərara alınmışdır ki, MSK üzvləri martın 1-dən 5-dək, Naxçıvan Muxtar Respublikasındakı seçki dairələri dairə seçki komissiyaları istisna olmaqla, digər seçki dairələri dairə seçki komissiyalarına, martın 8-dən 11-dək isə Naxçıvan MR-dəki seçki dairələri dairə seçki komissiyalarına ezam olunsunlar.
Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərlə bağlı MSK üzvü İlham Məmmədov məlumat vermiş və bu müraciətlər barədə müvafiq qərarlar qəbul olunmuşdur.
İclasın sonunda MSK üzvləri cari məsələləri müzakirə etmişlər.
İclasda ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun, Avropa Şurası Baş katibinin xüsusi nümayəndəliyinin, Beynəlxalq Respublikaçılar İnstitutunun və ATƏT-in Bakı ofisinin təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti.